Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında hərbi əməliyyatların bərpası, o cümlədən HƏMAS-ın İsrailə raket atması və İsrailin Qəzza zolağının cənubuna hava hücumları, quru əməliyyatlarının yenilənməsi və genişləndirilməsi ilə bağlı həddindən artıq narahat olduğunu bildirib.
BMT-nin sözçüsü Stefan Dujarrik verdiyi açıqlamada "BMT İsrail qüvvələrinə Qəzzada onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdıracaq addımlardan çəkinmək və mülki əhalini əzabdan xilas etmək üçün müraciət etməyə davam edir. Mülki sakinlər, o cümlədən tibb işçiləri, jurnalistlər və BMT personalı və mülki infrastruktur hər zaman qorunmalıdır" deyib.
Quterreş bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırıb və Qəzzada davamlı humanitar atəşkəs və HƏMAS tərəfindən saxlanılan bütün girovların qeyd-şərtsiz və dərhal azad edilməsi çağırışını təkrarlayıb.
Fələstinlilərə yardım edən BMT agentliyi UNRWA-nın baş komissarı Filipp Lazzarini "ölən mülki şəxslərin sayı sürətlə artır" deyib.
İsrailin bildirdiyinə görə, militant qrup oktyabrın 7-də əksəriyyəti mülki şəxslər olmaqla, təxminən 1200 adamı öldürdükdən sonra İsrail Qəzzanı idarə edən HƏMAS-ı məhv edəcəyinə söz verib.
ABŞ və digərləri tərəfindən terror təşkilatı elan edilən HƏMAS da 240-a yaxın adamı girov götürüb. O vaxtdan bəri əksəriyyəti İsrail və HƏMAS arasında bir həftəlik atəşkəs razılaşması zamanı 100-dən çox israilli girov azad edilib.
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada hava və quru hərbi əməliyyatları nəticəsində təxminən 70 faiz qadın və uşaq olmaqla 15 500-dən çox fələstinli həlak olub. Döyüşlər və İsrailin evakuasiya əmrləri ilə 1,8 milyondan çox Qəzzalının didərgin düşdüyü güman edilir. Onlardan təxminən 1,2 milyonu BMT-nin həddindən artıq dolu 156 sığınacağındadır.
Quterreş Qəzzaya humanitar yardımın maneəsiz, adekvat və davamlı axınına ehtiyac olduğunu bir daha vurğulayıb. BMT bildirib ki, qurudakı mövcud vəziyyət onun humanitar ehtiyacları həll etmək qabiliyyətinə ciddi şəkildə mane olur. Məhdud yardım bazar günü Rəfahda paylansa da, hərbi əməliyyatlar səbəbindən qonşu Xan Yunisdə əsasən dayandırılıb.
Lazzarini İsraili humanitar yardımlar üçün Qəzza ilə daha çox sərhəd keçid məntəqələri açmağa çağırdığını təkrar edərək, "İsrail səlahiyyətliləri yanacaq da daxil olmaqla, humanitar yardım axınını məhdudlaşdırmağa davam edərək, BMT-ni Misirlə yalnız zəif təchiz olunmuş keçid məntəqəsindən istifadə etməyə məcbur edir" deyib.
İsrail Qəzzanın Xan Yunis şəhəri ətrafındakı fələstinlilərə daha cənubda, Misirlə sərhədə yaxın olan Rəfaha təxliyə olunmalı olduqlarını deyib. Onların bir çoxu əvvəllər Qəzzanın digər bölgələrindən bir neçə dəfə köçürülüb.
Forum