Accessibility links

Natiq Cəfərli: Rusiya və Ukrayna müharibəsi dövründə Azərbaycana qarşı sanksiyalar real görünmür


İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrindən, o cümlədən Avropa İttifaqı ilə yeni tərəfdaş sazişinin imzalanmasının mümkünlüyündən danışıb.

Amerikanın Səsi: Son vaxtlar bəzi Avropa qurumları, o cümlədən Avropa Parlamenti insan hüquqlarının pozulmasına, Azərbaycandan erməni əhalisinin kütləvi köç etdiyinə görə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə çağırışlar edib. Avropa Parlamenti Avropa Komissiyasına Azərbaycana qarşı qaz embarqosu tətbiq edilməsini təklif edib. Bu çağırışların reallaşması mümkündürmü?

Natiq Cəfərli: Əslində Azərbaycanda insan haqları ilə bağlı bundan əvvəllər də tənqidlər olub. Avropa Parlamentinin, Avropa Şurasının, bəzi hallarda Avropa dövlətlərinin Azərbaycanda haqq və azadlıqlarla bağlı tənqidi fikirləri olub. Müəyyən qətnamələr olub, siyasi məhbuslarla bağlı sənədlər olub. Hətta sanksiyalarla bağlı bəzi çağırışlar da olub. Amma görünən odur ki, bu sona qədər gedib çıxmayıb. İndiki situasiya ondan ibarətdir ki, Azərbaycandan köç edən erməni əhalisinin geri qaytarılması ilə bağlı Azərbaycan tərəfi müxtəlif platformalarda zəmanətlərin verilməsi ilə bağlı söz verib. Bununla bağlı bir neçə dəfə rəsmi açıqlamalar da olub. Yəni mövqe bundan ibarətdir ki, erməni əhalisinin geri qaytarılması Azərbaycan üçün prioritetdir. Bunun üçün müəyyən işlərin görülməsinə də çalışırlar. Amma ümumilikdə enerji sektorunu götürsək Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda böyük bir enerji xartiyası da imzalandı. Böyük bir sənəd imzalandı. Həm təbii qazın həcminin artırılması, həm alternativ enerji vasitələrinin Qara dənizin dibi ilə Avropa İttifaqına elektrik enerjisi şəkildə ötürülməsi ilə bağlı böyük və çox ciddi sazişlər imzalandı. Mən düşünmürəm ki, bu sazişlər fonunda Azərbaycana qarşı hansısa bir məhdudiyyətlərin tətbiq olunmasına Avropa İttifaqı razılıq versin. Çünki bilirsiniz ki, sanksiyalar rejimi Avropa İttifaqının bütün ölkələrinin razılığı ilə olur. Hansısa ölkə veto qoyarsa o sazişlər keçmir. Azərbaycanın qazından asılı olan və Azərbaycanla müttəfiqlikdən istifadə edərək, öz enerji təhlükəsizliyini təmin edən bir çox ölkələr var. O cümlədən Macarıstan, İtaliya, Yunanıstan, bəzi Balkan ölkələri, Azərbaycan qazını Rusiya qazı ilə əvəz etməyə başlayıb. Keçən il Azərbaycan artıq 10.8 milyard kub metrə yaxın qaz verib. 2027-ci ildə isə bu rəqəmin 20 milyard kub metrə çatacağını gözləmək olar. Ona görə də mən inanmıram ki, indiki şəraitdə Rusiya və Ukrayna müharibəsinin qızışdığı bir dövrdə Rusiyaya qarşı sanksiyaların yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanın enerji sektoru ilə bağlı hansısa bir saksiyalar olsun.

Natiq Cəfərli: Rusiya və Ukrayna müharibəsi dövründə Azərbaycana qarşı sanksiyalar real görünmür
please wait

No media source currently available

0:00 0:08:25 0:00

Amerikanın Səsi: Ümumiyyətlə neft və qaz satışından xaric Azərbaycanın Avropa İttifaqı ölkələri ilə hansı sahələrdə əməkdaşlığı üçün imkanlar mövcuddur?

Natiq Cəfərli: İmkanlar, fürsətlər mövcuddur. Amma bunun realizə olunması üçün Azərbaycanda sistem dəişikliklərinə, iqtisadi münasibətlərin dəyişilməsinə də ehtiyac var. Həm qanunun aliliyi prinsipi həyata keçirilməlidir, investisiyaların qorunması ilə bağlı qərarlar verilməlidir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi həll olunmalıdır. Bazarları açan faktordur. Əslində Azərbaycanın kənd təsərrüfatının, aqrar sektorunun potensialı var. Çox təəssüf ki, biz bu gün üçdə ikidən çox Rusiyadan aslıyıq. Azərbaycanın kənd təsərrüfatı məhsullarının 70 faizə yaxını məhz bir tək ölkəyə, Rusiyaya ixrac olunur ki, bu da çox aslılıq yaradır. Əslində, Azərbaycan məhsullarına Avropa bazarlarında alıcı tapmaq mümkündür. Sadəcə bunun üçün uyğunluq sertifikatları lazımdır. Avropa bazarları daha qəlizdir. Keyfiyyət sertifikatları lazımdır. Azərbaycanla qarşılıqlı ikitərəfli müqavilələrə ehtiyac var. Bu addımlar atıldıqdan sonra Azərbaycanın potensialını realizə etmək mümkündür. Amma buna qədər hələ görüləcək çox iş var.

Amerikanın Səsi: Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalanarsa Azərbaycan hansı ticari üstünlüklər əldə edə bilər? Eyni zamanda, Azərbaycan hansı güzəştlər əldə etməlidir ki, yerli istehsalçılarım maraqları qorunsun?

Natiq Cəfərli: Əslində bu danışıqlar uzun müddətdir ki, davam edir. İntensivləşməsi dövrü 2018-ci ildən sonraya təsadüf elədi. 2019-2020-ci illərdə intensiv danışıqlar getdi. Hər iki tərəfin açıqlamalarına görə, təqribən 92, 93 faiz bu məsələlər razılaşdırılıb. Ümumi bir məxrəcə gəlmək mümkün olub. İki məsələ qalmışdır. Bir hava məkanının açılması, bir də ticarət anlaşmaları. Mən bildiyimə görə, artıq Azərbaycanda açıq səma ilə bağlı razılıq əldə olunub və “Aviasiya haqqında” yeni qanun da onun tərkib hissəsidir. Çox güman ki, bu məsələ də həllini tapıb. Çünki bəzi Avropa şirkətlərinin Azərbaycan bazarına yavaş-yavaş da olsa daxil olduğunun şahidi oluruq. O ki qaldı ticarət əməkdaşlığına Azərbaycanın gözlənitisi və çəkincəyi ondan ibarətdir ki, ÜTT-yə üzv olarkən, həm Avropa İttifaqı ilə müqavilə bağlanarkən yerli istehsalçılara ziyan dəyəcək və bazara ucuz məhsulların çıxmasına səbəb olacaq. Əslində vətəndaşlar üçün çox yaxşıdır. Dövlət əgər istehsalçılara dəstək olmaq istəyirsə başqa yollar tapmalıdır. Məsələn, təşviq proqramları ola bilər. Fazisiz kreditləşmə ola bilər. Onların rəqabətlilik qabiliyyətini artıra bilərlər. Amma istehlakçı olaraq bazarda ucuz və keyifyyətli mal bolluğunun olması hamımızın maraqları çərçivəsindədir. Ona görə də, bir tək istehsalçıların yox, əhalinin də maraqlarını nəzərə alsaq Avropa ilə müqavilə Azərbaycanın daxili bazarlarında çox çeşidliyin və rəqabətin yaranmasına səbəb ola bilər. Çəkinəncəklər dediyim kimi, təşviq proqramları ilə bağlıdır ki, bəzi qaydalara görə kənd təsərrüfatında və digər istehsal sahələrində Azərbaycan təşviqi azaltmalıdır ki, rəqabətli mühitə uyğunlaşsın. Bunun üçün güzəştlər mövcuddur. Azərbaycan 5 illik güzəşt istəyib bildiyimiz qədəri və 5 il müddətinə bu problemləri həll etmək mümkündür.

Amerikanın Səsi: Ümümiyyətlə Avropa ilə iqtisadi əlaqələr Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir? Siyasi səbəblərdən iqtisadi əməkdaşlıq azalarsa, Azərbaycanın xarici iqtisadi əlaqlərinin inkişafı üçün alternativ yollar varmı?

Natiq Cəfərli: Azərbaycan Cənubi Qafqaz respublikaları arasında qərbə iqtisadiyyatı ən çox inteqrasiya olunmuş ölkədir. Hətta Gürcüstandan da irəlidədir. Xarici ticarətimizə baxanda biz ümumiyyətlə qərb istiqamətini Türkiyə və İsraili də bura qatsaq, Avropa İttifaqı üzvü olmasalar da onları da qərbdə yerləşən ölkələr kimi dəyərləndirmək olar. Azərbaycanın xarici ticarətində təqribən 70 faizdən yuxarı qərb istiqaməti önə çıxır. İnvestisiyalara baxanda Azərbaycan investisiya xəritəsində Böyük Britaniyanın, Avropa İttifaqı ölkələrinin, ABŞ-ın çox böyük rolu var. İnvestisiya xəritəmizdə də qərb investisiyaları 80 faiz civarında təmsil olunur ki, bu, çox böyük rəqəmdir. Yəni inteqrasiya baxımından Azərbaycan iqtisadiyyatı zatən qərbə inteqrasiya olunub. Azərbaycanın 91 faiz xarici ticarəti enerji daşıyıcılarından aslıdırsa və bizə valyuta daxil olmaları bu yöndən baş verirsə, əsasən bizim satdığımız ölkələrdə ticarət tərəfdaşları olaraq qərb dövlətləridir. Həm neftin, həm qazın alıcıları qərb ölkələridir. Avropa İttifaqı ölkələri ilə Azərbaycanın bu mənada aslılığı var. Ona görə də təbii ki, siyasi proseslər müəyyən fikirlərin yaranması, haqlı və haqsız tənqidlərin mövcud olması Azərbaycana qarşı, bu münasibətlərə müəyyən dərəcədə mənfi təsir göstərə bilər. Amma bir var ritorika, bir var reallıq. Məsələn, Azərbaycanla Fransa arasında münasibətlərin heç də xoş olmadığı bir dövrü yaşayırıq. Amma Azərbaycanın Fransa ilə dövriyyəsi son illər artır. Azərbaycan Fransadan təyyarələr alır. Və yaxud Abşeron yatağının operatoru Total şirkəti oldu. Ritorik olaraq başqa ritorikalar olsa da, ticarət və iqtisadi əlaqələrdə belə ciddi dəyişiklik yoxdur. Əksinə mən düşünürəm ki, müəyyən irəliləyişləri də qeyd etmək mümkündür.

Forum

XS
SM
MD
LG