İsrail müdafiə naziri Yoav Qallant ölkəsinə səfərdə olan Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivana deyib ki, İsrail qüvvələrinin Qəzza zolağında HƏMAS militantlarını məğlub etməsi aylarla vaxt apara bilər.
İsrail rəsmisi bildirib ki, HƏMAS illər boyu Qəzzada yeraltı və yerüstü infrastruktur inşa edib ki, bunların məhv edilməsi “uzun vaxt” aparacaq.
“Lakin biz qalib gələcəyik və biz onları darmadağın edəcəyik,” Qallant deyib.
ABŞ rəsmiləri Sallivanın Qallantla söhbətinə şərh verməyib.
İsrail-HƏMAS müharibəsi üçüncü aya daxil olurkən Qallantın ofisi bildirib ki, rəsmilər görüşdə İsraillilərin şimalda Livanla həmsərhəd əraziyə qayıtmasının vacibliyini müzakirə ediblər.
İranın himayə etdiyi Hezbollahla döyüşlər nəticəsində on minlərlə adam İsrailin şimalındakı evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu arada Qəzza zolağnda İsrail qüvvələri hava zərbələri endirməkdə davam ediblər.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi müxbirlərə deyib ki, İsraildəki danışıqların məqsədi hərbi əməliyyatlarda hədəflərin dəqiq müəyyən olunması müzakirə olunacaq ki, mülki vətəndaşlar arasındakı ölümlərin qarşısı alınsın.
“Bu, bizim hədəfimizdir və İsraillilər də bunun onların hədəfi olduğunu deyir, lakin əsas nəticələrdir,” Körbi deyib.
Sallivan həmçinin ABŞ-ın İsrailə Qəzzaya keçid üçün Kərəm Şalom məntəqəsini açamağa çağırışlarını müzakirə etməyi planlaşdırır. Hazırda Qəzzaya yeganə dəhliz Rafah keçid məntəqəsindən ibarətdir.
Sallivan İsrailə gəlməzdən öncə Səudiyyə Ərəbistanına səfər edərək burada şahzadə vəliəhd Məhəmməd bin Salmanla danışıqlar aparıb. Danışıqların mövzusu İsrail və fələstinlilər arasında dayanıqlı sülhün əldə edilməsi üçün yeni şərait yaratmaq səyləri və Qəzzaya humanitar yardım axını olub.
Forum