Accessibility links

ATƏT-in Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası Azərbaycanda görüşlərə başlayıb


ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası (Mənbə: Milli Məclis)
ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası (Mənbə: Milli Məclis)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı görüşlərə başlayıb.

Missiyanın nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrov fevralın 18-də Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisdə təmsil olunan siyasi partiya rəhbərləri və müxalifətdə olan Müsavat Partiyasının başqanı ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, birinci vitse-spiker ölkədəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib. O qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.

Əli Hüseynli deyib, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Missiya nümayəndələri həmçinin parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri – Milli Məclisin sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli və Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə görüşüb.

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Ehtiyaclarını Qiymətləndirmə missiyası Milli Məclidə (Mənbə: Milli Məclis)
ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Ehtiyaclarını Qiymətləndirmə missiyası Milli Məclidə (Mənbə: Milli Məclis)

Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyasının nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovun Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşündə də növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədəki durum müzakirə edilib.

Müsavat Partiyasının məlumatına görə, Arif Hacılı Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib.

ATƏT-in DTİHB-nin Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası bir qayda olaraq bu qurumun seçki müşahidə missiyası gəlməmişdən öncə hökumətin dəvəti ilə səfər edir. Qiymətləndirmə missiyası hökumət qurumları, Mərkəzi Seçki Komissiyası, siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri və media qurumları ilə görüş keçirərək seçki mühitini öyrənir. Səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG