Accessibility links

Avropa Məhkəməsi rusiyalı milyarder Roman Abramoviçi Aİ-nin sanksiya siyahısından çıxarmaqdan imtina edib


Lüksemburqdakı Avropa Məhkəməsi rusiyalı milyarder Roman Abramoviçi Aİ-nin sanksiya siyahısından çıxarmaqdan imtina edib. Məhkəmə onun Portuqaliya vətəndaşlığına baxmayaraq, Avropa İttifaqına giriş qadağasını saxlayıb.

Bu barədə məhkəmənin saytında bildirilir.

Abramoviç 2022-ci ilin martında sanksiyalara məruz qalıb. Daha sonra Avropa İttifaqı bəyan edib ki, biznesmen “Vladimir Putinlə uzunmüddətli yaxın əlaqələrə malikdir”, “onun prezidentə imtiyazlı çıxışı olub və onunla çox yaxşı münasibətləri var” və bu da öz növbəsində ona Rusiya hökumətindən sərvətini və faydasını saxlamağa imkan verib.

Bundan əlavə, rəsmilər Evraz metallurgiya holdinqinin Rusiya iqtisadiyyatında mühüm rolunu qeyd ediblər.

Məhkəmənin qərarında deyilir ki, Abramoviçin şirkətdəki roluna görə sanksiyaların tətbiqi barədə qərar səhv deyil. Abramoviç bu şirkətin ən böyük səhmdarıdır.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın neft və alüminium sənayesindən sərvət toplayan Abramoviç keçən il sahib olduğu "Çelsi" futbol klubunu satmaq məcburiyyətində qalıb.

Məhkəmə Abramoviçin Portuqaliya vətəndaşlığına baxmayaraq, onun Aİ-yə girişinə qadağa qoymasını Abramoviçin hüquqlarının pozulması hesab etmir. Qərardan belə çıxır ki, bu məhdudiyyət məhkəməyə mütənasib görünüb.

Abramoviç Rusiyanın ən zəngin iş adamlarından biridir. Forbes onun ailəsinin sərvətini 9,2 milyard dollar qiymətləndirir.

Avropa İttifaqı ilə yanaşı Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya və Ukrayna da ona qarşı sanksiyalar tətbiq edib. Lakin o, ABŞ və Yaponiyanın siyahılarına daxil edilməyib.

Forum

XS
SM
MD
LG