Accessibility links

Aİ Ukraynaya 2023-cü ilin son büdcə dəstəyini ödəyib


Avropa İttifaqı Ukraynanın müharibədən zərər çəkmiş iqtisadiyyatını bu il ayaqda saxlamaq üçün çoxmilyardlı dəstək paketinin son ödənişini edib. Gələn aydan etibarən ölkə Avropadan maliyyə yardımı almayacaq.

Aİ Ukraynaya makroiqtisadi sabitliyi təmin və müharibədə dağılmış kritik infrastrukturu bərpa etmək üçün 2023-cü ildə hər ay 1,5 milyard avro (1,6 milyard dollar) göndərib. Yardım əmək haqqı və pensiyaların ödənilməsinə, xəstəxanaların və məktəblərin işləməsinə kömək edir və evlərini tərk etmək məcburiyyətində qalan insanlara sığınacaq verir.

Ukraynanın proqnozlaşdırıla bilən və daha uzunmüddətli gəlir əldə etməsini təmin etmək üçün Aİ-nin icraedici qolu olan Avropa Komissiyası ölkəyə 50 milyard avro (55 milyard dollar) ayırmağı təklif edib. Lakin Macarıstan plana veto qoyub.

Qərar Ukrayna prezidenti Volodimir Zelenskiyə böyük zərbədir. O, ABŞ qanunvericilərini müharibə səyləri üçün əlavə 61 milyard dolları təsdiqləməyə inandıra bilməyib.

Macarıstanın millətçi lideri, Baş nazir Viktor Orban Rusiya prezidenti Vladimir Putinin Aİ-dəki ən yaxın müttəfiqi hesab olunur. Tənqidçilər onu Moskvanın maraqlarını Aİ və NATO müttəfiqlərinin maraqlarından üstün tutmaqda ittiham edirlər.

Orban iki ilə yaxındır davam edən döyüşləri dərhal dayandırmağa və Moskva ilə Kyiv arasında sülh danışıqlarına çağırıb. Keçən həftə o, Aİ tərəfdaşlarını müharibəni uzatmaqda günahlandırıb və Ukraynaya daha çox pul göndərməyin “[Macarıstanın] maraqlarının pozulması” olduğunu deyib.

Orban vəziyyətdən çıxış məqsədi ilə fevralın 1-də Aİ liderləri ilə yenidən görüşməyə hazırlaşır.

50 milyard avroluq paket blokun yenidən baxılacaq uzunmüddətli büdcəsinə daxildir. Müharibənin nəticələri, o cümlədən yüksək enerji qiymətləri, inflyasiya və COVID-19 pandemiyasının təsiri nəzərə alınmaqla Aİ-yə siyasət prioritetlərini ödəmək üçün daha çox pul lazımdır.

Ukraynaya 2023-cü il makromaliyyə dəstəyinin sona çatdığını elan edən Avropa Komissiyasının sədri Ursula von der Leyen Kyivin yanvarda hansı yardımı ala biləcəyinə dair heç bir ipucu verməyib.

Komissiya rəsmiləri hansı maliyyə dəstəyinin ola biləcəyi ilə bağlı suallara cavab verə bilməyiblər.

"Biz Ukraynanın iqtisadi sabitliyini təmin etmək, islahatlar aparmaq və yenidən qurmaq üçün onu dəstəkləməyə davam etməliyik. Buna görə də biz gələn ildən 2027-ci ilə qədər Ukrayna üçün 50 milyard avroluq təklifimizlə bağlı razılıq əldə etmək üçün çalışırıq", o deyib.

Rusiya qüvvələrinin 24 fevral 2022-ci ildə genişmiqyaslı işğala başlamasından sonra Aİ Ukraynaya maliyyə, humanitar, fövqəladə büdcə və hərbi dəstək daxil olmaqla, təqribən 85 milyard avro (93 milyard dollar) ayırıb.

Forum

XS
SM
MD
LG