Yerli rəsmilərin bildirdiyinə görə, Ukraynanın cənubundakı Xerson şəhərinin son 24 saat ərzində Rusiya tərəfindən hücuma məruz qalması nəticəsində azı 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Rusiya qoşunları Xersona 71 mərmi ataraq şəhərin mərkəzini, yaşayış məntəqələrini, tibb və təhsil müəssisələrini və kritik infrastruktur obyektlərini vurublar”, - deyə regional hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin Telegram-da yazıb.
Prokudin bildirib ki, qurbanlar arasında 80 yaşlarında yaşlı cütlük və bir uşaq var.
Ukrayna qüvvələri ötən ilin noyabrında bir neçə ay ərzində Rusiya işğalı altında olan Xersonu geri alıb, lakin Rusiya qüvvələri ərazini atəşə tutmağa davam edir.
Başqa bir bəyanatda Kyiv bildirib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri gecə ərzində havaya buraxılan 15 Rusiya pilotsuz təyyarəsindən 14-nü vurub.
“Ukrayna Hərbi Hava Qüvvələri və müdafiə qüvvələri Mikolayev, Kirovohrad, Zaporijjye, Dnepr və Xmelnitski vilayətlərində 14 Şahedi (İran istehsalı dronu) məhv edib”, - Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da bildirib.
Ukrayna rəsmiləri Rusiyanın bu qış Ukraynaya hücumlarını gücləndirəcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.
Forum