Accessibility links

Talibanın yüksək səlahiyyətli nümayəndə heyəti Pakistan rəsmiləri ilə danışıqlar aparıb


Pakistanın baş naziri Ənvər-ül-Haq Kakar
Pakistanın baş naziri Ənvər-ül-Haq Kakar

Əfqanıstanın hakim Taliban hərəkatının yüksək səlahiyyətli nümayəndə heyəti Əfqanıstan torpaqlarında yerləşən terrorçuların günahlandırdığı ölümcül transsərhəd hücumların artması nəticəsində yaranan gərginliyi azaltmaq məqsədilə çərşənbə günü Pakistan rəsmiləri ilə mühüm danışıqlar aparıb.

Rəsmilərin dediyinə görə, nüfuzlu Taliban lideri Molla Şirin Axund İslamabadda Birgə Koordinasiya Şurası kimi tanınan toplantıda Müdafiə Nazirliyi və kəşfiyyat nümayəndələrindən ibarət komandasına rəhbərlik edib. Şura iki ölkənin üzləşdiyi sərhədlərin idarə edilməsi və bununla bağlı təhlükəsizlik məsələlərini həll etmək üçün yaradılıb.

Pakistan rəsmiləri deyir ki, anti-dövlət Təhrik-i-Taliban Pakistan və ya TTP ilə əlaqəli olan qaçaq yaraqlılar və müttəfiq qruplar iki il əvvəl İslamçı Taliban Əfqanıstanda nəzarəti bərpa etdikdən sonra “daha geniş əməliyyat azadlığı” ilə sərhədyanı hücumları gücləndirib.

2023-cü ildə TTP-nin başçılıq etdiyi partlayışlar və silahlı hücumlar ölkə miqyasında yarısı təhlükəsizlik qüvvələri olmaqla, 1000-ə yaxın pakistanlının həyatına son qoyub və bu, son altı ildə ən yüksək ölüm sayına işarədir.

İslamabad rəsmiləri bildirirlər ki, Taliban hakimiyyətə qayıtdıqdan sonra TTP liderləri əməliyyat bazalarını Əfqanıstanla sərhəd əyalətlərə köçürüb.

Taliban səlahiyyətliləri TTP və ya hər hansı digər qrupların Əfqanıstan ərazisindən Pakistan da daxil olmaqla, digər ölkələri təhdid etməsinə icazə verildiyi iddialarını rədd edir. Onlar İslamabada dəfələrlə Pakistanın “daxili” təhlükəsizlik problemlərinə görə Əfqanıstanı günahlandırmamağı tövsiyə edib.

Axund Pakistanla həmsərhəd Qəndəhar vilayətinin qubernatorudur. O, Taliban lideri Hibatullah Axundzadənin yaxın adamıdır və Əfqanıstanın paytaxtı Kabildə yalnız kişilərdən ibarət Nazirlər Kabineti vasitəsilə ölkəni idarə edir.

Taliban rəsmiləri bu yaxınlarda Əfqanıstanda onlarla TTP üzvünün həbs edildiyini açıqlamışdı. Onlar həmçinin Pakistanın yüksək rütbəli rəsmiləri ilə son qarşılıqlı əlaqə zamanı bildiriblər ki, onlar TTP üzvlərini Əfqanıstanla sərhəd bölgələrindən uzağa köçürməyi və nəticədə onları “tərkisilah etməyi” planlaşdırırlar.

Lakin Pakistan rəsmiləri Kabilin iddialarının doğruluğunu dəqiqləşdirə bilmədiklərini deyir. Onların TTP liderlərini İslamabada təhvil vermək üçün buhəftəki danışıqlarda Taliban nümayəndələrinə təzyiq göstərəcəkləri gözlənilirdi.

Pakistan deyir ki, Əfqanıstan Taliban döyüşçüləri də TTP-nin başçılıq etdiyi son hücumların bəzilərində iştirak edib və ya onlara köməklik ediblər.

Pakistanın baş naziri Ənvər-ül-Haq Kakar ötən ay verdiyi açıqlamada ən azı 16 Əfqanıstan vətəndaşının ölkə daxilində intiharçı partlayışlar törətdiyini, daha 65-in isə terrorla mübarizə əməliyyatlarında Pakistan qüvvələri tərəfindən öldürüldüyünü bildirib. Oktyabr ayında Kakar ölkədə ən azı 1,7 milyon sənədsiz əfqana qarşı repressiyaların aparılmasını əmr və 500 000-dən çox insanı yenidən Əfqanıstana keçməyə məcbur edib.

Qlobal miqyasda terror təşkilatı kimi tanınan TTP 2007-ci ildə Pakistanın ənənəvi qeyri-sabit sərhəd bölgələrində yaranıb və o vaxtdan bəri müntəzəm olaraq təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Forum

XS
SM
MD
LG