Accessibility links

Azərbaycan və Türkmənistan İran vasitəsi ilə qaz mübadiləsini dayandırıb


İran Milli Qaz Şirkəti (NIGC) bildirib ki, Türkmənistan və Azərbaycan İran üzərindən iki ölkə arasında qaz mübadiləsinin dayandırılmasına səbəb olan problemi həll etmək üçün danışıqlar aparır.

IRNA agentliyi İranın Neft Nazirliyinə bağlı olan NIGC-yə istinadən xəbər verir ki, qaz mübadiləsində dayanma müvəqqətidir və problem həll edildikdən sonra transfer bərpa olunacaq.

2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kub metrə qədər türkmən qazının nəqlini nəzərdə tutur.

2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu da imzalanıb.

Memorandumda Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqlinin iki dəfə artırılacağı nəzərdə tutulub.

Bununla yanaşı, İran Milli Qaz Şirkətinin məlumatına hələ Azərbaycanın və Türkmənistanın rəsmi qurumları şərh verməyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, İran Türkmənistandan qaz alınmasına və həcmin artırlmasında maraqlıdır.

“Hökumətə yaxın olan yerli media yazır ki, Azərbaycan Türkmənistandan ildə 3 milyard kub metr qaz almaq niyyətində olub, amma tərəflər kommersiya qiymətlərində razılığa gələ bilməyiblər”, o qeyd edib.

İlham Şaban: Azərbaycanın daxili bazarında qaz çatışmazlığı yoxdur
please wait

No media source currently available

0:00 0:05:55 0:00

Bununla yanaşı, təhlilçi bu verisyaya inanmır. Onun fikirncə, qazın alınması üçün onu qəbul edən infrastruktur lazımdır.

“Türkmənistan qazının Azərbaycanda qəbulu üçün iki kəmər mövcuddur. Bunun biri Astara (Azərbaycan) -Bilənd (İran), ikinci isə 2005-ci ildən istifadədə olan Xoy (İran)-Culfa (Azərbaycan, Naxçıvan) qaz kəmərləridir. Xoy-Culfa qaz kəmərinin ötürücülük qabiliyyəti 500 milyon kub metrdir. Amma, Naxçıvan ildə 400 milyon kub metrdən çox qaz almır. Astara-Bilənd qaz kəmərinin isə maksimal ötürücülük qabiliyyəti 1,8 milyard kub metrdir”.

Təhlilçi həmçinin kommersiya qiymətləri ilə bağlı deyilənlərin də real olmadığı qənaətindədir.

“Son 10 ay ərzində Azərbaycan Türkmənistandan 1 milyard 350 milyon kub metr qaz alıb. Bu qazın hər min kubmetri 143 dollara alınıb. Bu regional səviyyədə normal qiymətdir. Nəzərə alaq ki, Rusiya Grücüstan-Ermənistan sərhədində qazın hər min kubmetrini Ermənistana 165 dollara satır. Ona görə, kommersiya məsələsi də gündəmdən çıxır”, Şaban belə düşünür.

Onun fikrincə, ola bilsin Türkmənistandan ümumiyyətlə qaz alınmayacaq və yaxud yalnız Naxçıvanın ehtiyaclarının ödənilməsi həcmində qaz alınacaq.

“Çünki Abşeron qaz yatağından Azərbaycanın daxili bazarına veriləcək qaz həcmi iki dəfə artırılacaq. Bu həcm hətta hökumətin cari il üçün proqnozunda 1,5 milyrad kub metr göstərilib. Bu il Azərbaycanın daxili bazarı üçün Ümid yatağından da bir neçə yüz milyon kub metr qaz alınması proqnozlaşdırılır. Başqa bir tərəfdən 2024-cü ilin dördüncü rübündə Azəri-Çıraq-Günəşli yatağından Azərbaycan tərəfinə səmt qazı ilə yanaşı təbii qazın verilməsi də başlayacaq. Yəni Azərbaycanın daxili bazrında qaz defisiti yoxdur ki, onu əlavə xərc çəkib alsın”, təhlilçi belə hesab edir.

Forum

XS
SM
MD
LG