İsrailin Qəzzanın mərkəz və cənub hissəsində həyata keçirdiyi yeni hərbi hücumları nəticəsində onlarla insan həlak olub.
İsrail ordusu çərşənbə günü bildirib ki, Qəzzanın mərkəzindəki Maqazi bölgəsində və Xan Yunis bölgəsində 150 hədəfi vurub. Öldürülənlər ordu tərəfindən “terrorçu” adlandırılıb.
Qəzzada HƏMAS-ın tabeliyində olan səhiyyə nazirliyi bildirib ki, gecə ərzində baş verən hücumlarda 70 nəfər ölüb, 130 nəfər yaralanıb. Səhiyyə rəsmiləri itkilərlə bağlı verdikləri məlumatda mülki şəxslərlə döyüşçülər arasında fərq qoymur.
Hazırkı hava zərbələri ABŞ dövlət katibi Antoni Blinkenin bölgəyə səfəri fonunda baş verir.
Blinken səfəri zamanı İsraili mülki əhali arasında itkilərin qarşısını almağa və Qəzzaya yardım çatdırılmasını asanlaşdırmağa çalışıb. O, eyni zamanda Qəzzada militantlar tərəfindən saxlanılan girovların azad edilməsi səylərini müzakirə edib.
Blinken region liderləri ilə görüşlərdə Qəzzanın müharibədən sonrakı idarəçiliyini və İsraillə Fələstin arasında sülhü təşviq etməyin yollarını müzakirə edib.
İsrail rəsmiləri isə bildiriblər ki, ordu HƏMAS-ın Qəzza zolağına nəzarətini silmək, silahlı qrupun İsrail üçün yaratdığı təhlükəni aradan qaldırmaq və HƏMAS-ın hələ də saxladığı 129 girovu azad etməyə çalışdığı üçün döyüşlər daha bir neçə ay davam edəcək.
HƏMAS oktyabrda İsrailə hücumu zamanı 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüb. HƏMAS-ın nəzarətində olan Qəzza səhiyyə nazirliyi bildirib ki, İsrailin əks-hücumları 23300-dən çox fələstinlinin ölümünə səbəb olub. Qəzzanın böyük əraziləri dağıntılar altında qalıb və 2,3 milyonluq əhalisinin 85%-i didərgin düşüb.
Birləşmiş Millətlər Təşkilatı münaqişənin Qəzzada dinc sakinlərə ağır təsirləri barədə xəbərdarlıq edib, oradakı insanların əksəriyyəti evlərini tərk edib, humanitar işçilər və səhiyyə müəssisələri yardım göstərməkdə çətinlik çəkirlər.
Forum