Ekvador prezidenti Daniel Noboa çərşənbə axşamı bildirib ki, ölkəsində artan zorakılıq fonunda “daxili silahlı münaqişə” mövcuddur.
Prezident bu bəyanatı silahlı və partlayıcı maddələrlə silahlanmış bir qrup maskalı şəxsin canlı xəbərlər proqramı zamanı Quayaquil liman şəhərindəki ictimai televiziyaya basqın edərək studiyaya atəş açmasından bir neçə saat sonra verib.
Daha sonra polis stansiyaya nəzarəti ələ keçirib və silahlı 13 şübhəli şəxsi həbs edib və onları terrorçuluqda ittiham edib. Hadisə zamanı xəsarət alan olmayıb.
Böhran həftə sonu narkotik dəstəsi Los Çonerosun lideri Adolfo Maciasın aşkar şəkildə qaçması ilə başlayıb.
Ekvadorda bir neçə polis məmuru oğurlanıb və çoxsaylı bombalar partlayıb.
Çərşənbə axşamı rəsmilər, Los Lobos qrupundan olan başqa bir narkotik alverçisi Fabrikio Kolon Piko-nun Riobamba şəhərində polis nəzarətindən qaçdığını bildirib.
Kolon Piko ölkənin baş prokurorunu öldürmək planında iştirakda ittiham olunur.
Prezident Noboa zorakılıqlara cavab olaraq bazar ertəsi fövqəladə vəziyyət elan edib.
Çərşənbə axşamı ölkədə "daxili silahlı qarşıdurma" olduğunu bəyan etməsinə əlavə olaraq, Noboa 20-dən çox narkotik alveri ilə məşğul olan dəstəni terror təşkilatları adlandırıb və onları hərbi hədəflər elan edib.
Ekvador illərdir zorakılıqdan əziyyət çəkir. Bir vaxtrlar dinc yer olan bu ölkə indi Cənubi və Şimali Amerika arasında kokain qaçaqmalçılığı üçün əsas tranzit marşrutuna çevrilib.
Peru Ekvadorla ortaq sərhədində fövqəladə vəziyyət elan edib, Braziliya, Çili və Kolumbiya isə Ekvador liderini dəstəklədiyini bildirib. Çin Ekvadorun paytaxtı Kitodakı səfirliyini və ölkədəki bütün konsulluqlarını bağlayıb.
Forum