Accessibility links

GUAM Parlament Assambleyasına sədrlik Ukraynadan Azərbaycana keçib


GUAM-logo (Mənbə: GUAM)
GUAM-logo (Mənbə: GUAM)

Yanvarın 11-də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Parlament Assambleyasının videokonfrans formatında komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası keçirilib.

Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tədbirdə GUAM məkanında hərbi və təhlükəsizlik sahəsində son vəziyyət, üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq, üzv dövlətlərin iqtisadi, humanitar davamlılığına və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlmiş parlament fəaliyyəti məsələlərinə baxılıb. Deputatlar, həmçinin GUAM ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

GUAM Parlament Assambleyasının 16-cı sessiyasında da ölkələrin suverenliyi və ərazi bütövlüyü, parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elnur Allahverdiyev “Dünya nizamının, suverenliyin və ərazi bütövlüyünün bərpası GUAM-a üzv dövlətlərin ali məqsədi kimi” mövzusunda çıxış edib.

Sessiyada GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçib.

Xatırladaq ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

GUAM - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-u Strasburqda əsasını qoyduqları birlik kimi fəaliyyətə başlayıb.

Prezidentlərin imzaladığı sənəddə birliyin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlıq formatında yaradıldığı bəyan edilib.

Forum

XS
SM
MD
LG