Accessibility links

İsrail-HƏMAS müharibəsinin 100-cü günündə münaqişənin genişlənməsi riski ilə bağlı yeni narahatlıqlar


Bazar günü Livandan atılan tank əleyhinə raketin sərhədə yaxın bir qəsəbədəki evlərə düşməsi nəticəsində İsrailin şimalında iki mülki vətəndaşın həlak olması İsrail və HƏMAS arasında davam edən müharibədə yeni qarşıdurma ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Ölümcül zərbə təxminən 24,000 fələstinlinin ölümünə, Qəzzanın geniş ərazilərində dağıntılara, Qəzzanın 2,3 milyon əhalisinin təxminən 85 faizinin didərgin düşməsinə və əhalinin dörddə birinin aclığa sürüklənməsinə səbəb olan İsrail və HƏMAS arasında münaqişənin 100-cü gününə təsadüf edib.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubunda əsasən mülki şəxslər olmaqla 1200-ə yaxın adamı öldürdüyü və 250-yə yaxın insanı girov götürdüyü terror aktından sonra başlayıb. Girov götürülənlərin təxminən yarısının hələ də əsir olduğuna inanılır.

İsrail və Livanın Hizbullah qruplaşması arasında demək olar ki hər gün baş verən atışmalar, İranın dəstəklədiyi silahlı qrupların Suriya və İraqda ABŞ hədəflərinə hücumu və Yəməndə Husi üsyançılarının beynəlxalq gəmiçiliyə hücum etməsi və buna cavab olaraq keçən həftə ABŞ-ın hava hücumları həyata keçirməsi ilə regionda gərginlik daha da artıb.

Bazar günü raket hücumu İsrail ordusunun Livandan İsrailə keçərək, hücum həyata keçirməyə cəhd edən üç militantın öldürüldüyünü bildirməsindən bir gün sonra baş verib.

Hizbullah lideri Həsən Nəsrullah bildirib ki, onun qrupu Qəzzada atəşkəs əldə olunmayana qədər dayanmayacaq.

İsrail həmçinin Qəzzada hələ də saxlanılan 100-dən çox girovu geri qaytaracağına söz verib. İsrail rəsmiləri Təl-Əvivdə şənbə günü başlayan və on minlərlə insanın toplaşdığı 24 saatlıq mitinq də daxil olmaqla, girovların ailələri tərəfindən artan etirazlarla qarşılaşıb.

HƏMAS bildirir ki, İsrail Qəzzaya hücumlarını dayandırana qədər qalan girovlarla bağlı danışıqlar aparmayacaq.

İsrail və Hizbullah aralarındakı qarşıdurmaların ikinci cəbhədə genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün ehtiyatlı davranırdılar.

Lakin onlar bir neçə dəfə bu həddə yaxınlaşıblar. Sonuncu dəfə bu, yanvarın 2-də Beyrutda HƏMAS-ın yüksək səviyyəli rəsmisinin ölümü ilə nəticələnən hava hücumundan sonra baş verib. HƏMAS və Hizbullah hücumda İsraili günahlandırıb. Bazar günü iki mülki vətəndaşın ölümü də daxil olmaqla, İsrailə qarşı son hücumlar İsrailin yeni cavab verəcəyi ehtimalını artırıb.

İsrailin baş nazir Benyamin Netanyahu İsrailin HƏMAS militantlarına qarşı müharibəni qələbəyə qədər davam etdirəcəyini vəd edib.

İsrail bildirir ki, müharibəyə indi son qoyulması Birləşmiş Ştatlar, Avropa İttifaqı və Britaniyanın terror təşkilatı kimi tanıdığı HƏMAS-ın qələbəsi deməkdir. HƏMAS 2007-ci ildən Qəzza zolağına rəhbərlik edir və İsraili məhv etmək niyyətində olduğunu bildirir.

Qəzza zolağında presedenti olmayan ölüm və dağıntıların səviyyəsi Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım ittihamı irəli sürməsinə yol açıb. İsrail ittihamları qəti şəkildə rədd edir və hətta Haaqa məhkəməsinin müharibənin dayandırılması barədə müvəqqəti qərar çıxarsa belə, hücumu davam etdirəcəyinə söz verib.

Forum

XS
SM
MD
LG