Accessibility links

Tramp Ayova ştatındakı kokusların qalibi oldu


Donald Tramp ABŞ-ın Ayova ştatında keçirilən kokusların qalibidir. Bu qənaət 2024-cü il ABŞ prezident seçkiləri kampaniyasının ilkin səsverməsində mütləq əksəriyyəti sayılmış səslərin göstəricilərinə əsaslanır.

56,000-dən artıq səs toplayan Donald Tramp hərəyə 20,000 cıvarında səs toplamağa nail olmuş iki əsas rəqibini böyük səs fərqi ilə arxada qoyub.

Sabiq prezidentin tərəfdarları tarixi və təhlükəli qar çovğununa baxmayaraq kokus yığıncaqlarına gələrək siyasi iradələrini ifadə ediblər. Kokus toplantıları ştat boyu məktəblərdə, kilsələrdə və icma mərkəzlərində keçirilib.

İkinci yer uğrunda Florida qubernatoru Ron DeSantis və ABŞ-ın BMT-dəki sabiq səfiri Nikki Heyli mübarizə aparıblar. Son nəticələrə görə, DeSantis bir neçə minlik səs fərqi ilə Heylidən önə çıxıb.

Səsvermədən öncəki rəy sorğuları da Respublikaçılar Partiyasının nominasiyası uğrunda Ayova ştatında cərəyan edən mübarizədə Trampın rəqiblərini böyük fərqlə üstələdiyini göstərirdi.

Gözlənilən qələbəsini qeyd edən Donald Tramp Ayovanın De Moyn şəhərində tərəfdarları qarşısında çıxış edib.

"Hesab edirəm ki, indi hər kəs üçün, bizim ölkəmiz üçün bir araya gəlməyin vaxtıdır," deyə Tramp Ayova sakinlərinə verdikləri dəstəyə görə təşəkkür edib. "Biz bir araya gəlmək istəyirik - istər Respublikaçı olsun, istərsə də Demokrat; yaxud liberal ya da mühafizəkar."

Forum

XS
SM
MD
LG