Accessibility links

İran Atom Enerjisi Təşkilatının rəhbəri Araz çayının çirklənməsini təkzib edib


Araz Çayı, suyun yaşıla dəyişməsi və çirklənməsi
Araz Çayı, suyun yaşıla dəyişməsi və çirklənməsi

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Araz çayının çirklənməsini rədd edib və bununla bağlı "heç bir narahatlıq olmadığını" bildirib.

Yarı-rəsmi İSNA xəbər agentliyi Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə söhbətində onun sözlərinə istinadən bildirib ki, “Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının tullantıları ilə Araz çayının suyunu çirkləndirməsi ilə bağlı "şayiələr" əsassızdır və bu təşkilat çayın suyunun keyfiyyətinə “mütəmadi olaraq” nəzarət edir və heç bir çirklənmə yoxdur.

Bu xəbər agentliyi ölkənin Atom Enerjisi Təşkilatın bağlı olan Nüvə Təhlükəsizliyi Sistemi Mərkəzinin hesabatına istinad edərək yazıb: “Araz çayı ətrafında yaşayan soydaşlar arasında yaranan narahatlıqlara görə, ölkənin Nüvə Təhlükəsizliyi Sistemi Mərkəzi vurğulayır ki, Araz çayında radiasiyaya görə vaxtaşırı monitorinq aparılır”.

İslam Respublikasının rəsmi qurumlarının Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının Araz çayının çirkləndirilməsi ilə bağlı hesabatlarında həmişə onun çaydan uzaqlığının “böyük məsafə”də olduğu və bunun maye tullantılarının birbaşa Araza atılmasının mümkün olmadığı iddia edilir.

Son illər Araz çayının çirklənməsi məsələsi bölgə əhalisi arasında müzakirə olunur. İran Azərbaycanı vilayətlərində, xüsusən də Ərdəbil vilayətinin şimalında yerləşən Muğan bölgəsində xərçəng xəstəliyinin ölkə üzrə birinci sırada olması, çayın radioaktiv maddələrlə çirklənməsi fərziyyəsini olduqca gücləndirir.

İran mediası Tibb Elmləri Universitetinə istinadən xəbər verir ki, Ərdəbil, Zəncan, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri ölkədə mədə xərçəngi xəstələrinin ən çox olduğu vilayətlər sırasındadır. Bu vilayətlərdə hər 100 min nəfərdən 30-u mədə xərçəngi xəstəliyinə tutulur.

Bir müddətdir ki bəzi milli fəallar tərəfindən “Urmu Araz üçün birlik” kampaniyasına start verilib. Bu kampaniya sosial şəbəkələrdə məzmun dərc etməklə, həmçinin Araz çayının çirklənməsi və Urmiyə gölünün quruması ilə bağlı broşürlər hazırlayıb nəşr etməklə bu iki ekoloji fəlakətin İran Azərbaycanında yaşayan insanların sağlamlığına vurduğu fəsadlar barədə xəbərdarlıq edir.

İranda bəzi medialar və ətraf mühit ekspertləri Arazda çirklənmənin olması barədə yazsalar da, hökumət mediası və hökumət rəsmiləri, o cümlədən rəsmi xəbər agentliyi İRNA və İranın Xarici İşlər Naziri bunu istisna edirlər.

Yanvarın 1-də parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında Germi millət vəkili Vəli İsmayılinin Arazın çirklənməsi barədə sualına, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Atom Enerjisi Təşkilatının hesabatına istinad edərək, Ermənistandakı Metsamur Elektrik Stansiyasından çıxan çirkab sularının Araz çayına ötürülməsini tamamilə təkzib etmişdi.

Maraqlıdır ki, Araz çayının suyunun çirklənib-çirklənməməsi ilə bağlı İslam Respublikasının hakimiyyət orqanları ilə bəzi media və ekoloji fəallar arasında fikir ayrılığının olması ilə yanaşı; həmçinin ölkə rəsmiləri arasında bu barədə ziddiyyətli açıqlamalar var. Məsələn, İRNA-nın verdiyi məlumata görə, ölkənin planlaşdırma və büdcə təşkilatının su, kənd təsərrüfatı və ətraf mühit məsələləri üzrə rəhbəri Məhəmməd İbrahimniya dünən, yanvarın 18-də Təbrizdə keçirilən iclasda, Təbrizdə su təchizatı böhranı haqqında çıxış edib. İbrahimniya, Araz suyunun Təbrizə köçürülməsinin vacibliyi haqqında danışarkən, Araz çayının çirkliliyi və bu çayın sahillərində istehsal olunan məhsulların sağlamlığı məsələsi ilə tez bir zamanda lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bu onu göstərir ki, Araz çayının çirklənməsi ilə bağlı İslam Respublikasının bəzi qurumları arasında fikir ayrılığı var.

Araz Çayı, (Foto mənbəyi: İRNA)
Araz Çayı, (Foto mənbəyi: İRNA)

Üstəlik, noyabrın 16-da yarı-rəsmi Fars xəbər agentliyi "İran və Ermənistanın bir il ərzində Arazın təmizlənməsinə dair razılığa gəldiyi" barədə xəbər yayıb. Bu xəbərdə İranın Ətraf Mühit Təşkilatının müavini İrəc Hişməti Təbrizdə Ermənistan nümayəndələri ilə görüşərək, hər iki ölkənin sənaye tullantılarının Araz çayına axıdılmasını tamamilə dayandırmaq üçün əməkdaşlıq edəcəklərini və texniki məsləhətlər verəcəklərini açıqlayıb.

Görünən odur ki, rəsmi orqanlar Araz çayında radioaktiv maddələrin olduğunu inkar edirlər, lakin sosial şəbəkələrdə çayın rənginin dəyişməsi və balıqların ölümü ilə bağlı yayılan görüntülər o qədər geniş yayılıb ki, İran mediası çayın ermənistan mədənlərinin tullantıları nəticəsində çirkləndiyini qeyd edirlər.

“Payamema” qəzeti Araz çayının çirklənməsi ilə bağlı yaydığı hesabatlarda bu çayın Atom Enerjisi Təşkilatı tərəfindən müntəzəm və davamlı monitorinqini “narahatlıq əlaməti” kimi qiymətləndirib.

Görünən odur ki, ölkə rəsmiləri bu çayda kimyəvi, radioaktiv və sənaye tullantılarının dəqiq miqdarı barədə ölkə ictimai rəyinə dəqiq hesabat vermirlər.

Bununla belə, Ərdəbil Regional Su Şirkətinin ətraf mühit və su ehtiyatlarının keyfiyyəti şöbəsinin müdiri Mehran Xücəstə, ölkənin Atom Enerjisi Təşkilatı tərəfindən çayda davamlı monitorinqlər aparmasına diqqət çəkərək, demişdi ki, "Araz çayının suyunun radioaktivliyi standard həddən artıq deyil."

Ərdəbil vilayətinin bu rəsmisinin həmin açıqlamaları mediaya Araz çayının suyunda aparılan tədqiqatın nəticəsi barədə mediaya dəqiq məlumat verilmədiyini göstərir.

Araz çayının rənginin yaşıla çevrilməsi və ölü balıqların çayın sahillərində görünməsi ilə bağlı şəkillər və video-görüntülər bir neçə ildir ki, İran Azərbaycanında milli fəallar və ekoloji fəalları tərəfindən sosial mediada paylaşılır.

Lakin İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Araz çayının çirklənməsi ilə bağlı məlumat vermək istəyən və ya hökumətin problemin həlli istiqamətində əməli addımlar atmamasını tənqid edən milli fəalları həbs və təhdid etməklə, ictimaiyyətin bu problemdən xəbərdar olmasına mane olur.

Forum

XS
SM
MD
LG