Accessibility links

Ərdəbildə iki edam məhkumu əfv edilib, Kərəc və Həmədanda edamlar icra edilib


Ərdəbil vilayəti (xəritə)
Ərdəbil vilayəti (xəritə)

İran mediası Ərdəbildə edam cəzasına məhkum edilmiş iki məhkumun əfv edildiyini açıqlayıb. Həmin xəbərə görə, həmin iki şəxs qətlə yetirdikləri şəxsin ailəsi tərəfindən əfv edilərək, ölüm cəzasından qurtulub.

Üç il əvvəl Ərdəbilin məhəllələrindən birində baş verən davada qətl törədən iki nəfər edam cəzasına məhkum edilsə də, “qan sahibləri” (qətlə yetirilən şəxsin ailəsi) tərəfindən əfv edilərək edam cəzasından qurtulublar.

İranda qətlə görə edam cəzasına məhkum edilənlər öldürdükləri şəxsin ailəsini təzminat almağa razı etdikləri halda ölüm cəzasından xilas ola bilərlər. Lakin müəyyən müddət ərzində bu kompensasiyanı ödəyə bilməyən məhbuslar hələ də ölüm cəzasına məruz qala bilərlər. Bu təzminat məbləği şəriət qaydaları ilə müəyyən edilən “Diyə” adlı bir təzminat növüdür.

Həmçinin yanvarın 17-də Əlburz vilayətinin mərkəzi Kərəc şəhərinin Qızılhisar həbsxanasında qətl törətməkdə təqsirli bilinən Gülistan vilayətindən və etnik türkmən icmasından olan Kəramətcan Nəzərxani adlı 26 yaşlı məhbus edam edilib.

Yanvarın 18-də isə, eyni həbsxanada narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum edilmiş üç məhbus, o cümlədən bir Əfqanıstan vətəndaşı edam edilib. Beləliklə iki gün ərzində Qızılhisar həbsxanasında edam edilən məhbus sayı 4-ə çatıb.

Həmin gün Həmədan Mərkəzi Həbsxanasında narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum edilmiş Cəlil Süleymani adlı məhbus edam edilib.

İran İnsan Haqları təşkilatının (IHR) yayımladığı statistikaya görə, bu ilin əvvəlindən İranda müxtəlif cinayətlərə görə 40 nəfər edam edilib ki, bu da hər gün iki edama bərabərdir. Eyni insan haqları təşkilatının açıqlamasına görə, 2022-ci ildə ən azı 582 nəfər edam edilib, onlardan yalnız 71-i İran mediası tərəfindən əks etdirilib.

İran İslam Respublikası dünyada ölüm hökmünün ən çox tətbiq olunduğu ölkələrdən biridir. Ədliyyə orqanları edamların cüzi bir hissəsini elan edir, buna görə də, ölkədə edam sayı barədə dəqiq və rəsmi statistika yoxdur. İnsan haqları təşkilatları daxildəki mənbələrinə əsasən edamların sayını izləyir və dərc edir.

Forum

XS
SM
MD
LG