Accessibility links

Rusiyanın işğalı altında olan Donetskdə hücumda onlarla insan ölüb; Moskva Ukraynanı günahlandırır


Bölgənin Rusiya tərəfindən təyin edilmiş rəhbərinin bazar günü bildirdiyinə görə, Ukraynanın şərqində Rusiyanın nəzarəti altında olan Donetsk şəhərinin ətrafında izdihamlı bazara hücum nəticəsində onlarla insan həlak olub, iki uşaq da daxil olmaqla, çoxlu sayda insan yaralanıb.

Rusiya Tekstilşikdəki hücuma görə Ukraynanı ittiham edir. Ukrayna hadisə ilə bağlı şərh verməyib. Rusiyanın iddiaları Associated Press agentliyi tərəfindən müstəqil şəkildə təsdiqlənə bilməyib.

Bölgənin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Denis Puşilin bildirib ki, ərazi 155 mm və 152 mm çaplı artilleriya ilə vurulub, mərmilər Kuraxove və Krasnohorivka istiqamətindən qərbə doğru atılıb. O, həmçinin təcili yardım xidmətlərinin hadisə yerində işini davam etdirdiyini təsdiqləyib.

Reuters xəbər agentliyinin hadisə yerindən çəkilmiş fotoşəkilləri və videolarında qohumlarını itirdiklərini bildirən ağlayan insanlar və qana bulanmış qar üzərində cəsədlər göstərilir.

Rusiya Xarici İşlər Nazirliyi bəyanatında hücumu “Ukraynanın törətdiyi barbar terror aktı” adlandıraraq, bunun “Qərb tərəfindən təchiz edilmiş silahlardan istifadə ilə” həyata keçirildiyini bildirib.

Rusiya həmçinin hücumu “mülki əhaliyə qarşı xəyanət aktı” kimi pisləyib və bildirib ki, “Kyiv rejiminin bu terror hücumları onun sülhə nail olmaq və bu münaqişənin diplomatik yollarla həlli istiqamətində siyasi iradəsinin olmadığını açıq şəkildə nümayiş etdirir”.

Rusiyanın Ukraynaya iki ilə yaxındır davam edən hərbi müdaxiləsi zamanı Rusiyanın hava hücumları və suveren ölkəni ağır silahlarla atəşə tutması minlərlə Ukrayna vətəndaşının ölümünə səbəb olub.

Donetsk Ukraynanın şərqində və cənubunda Rusiyanın 2022-ci ilin sonunda ilhaq etdiyini iddia etdiyi dörd bölgədən biridir. Bu addım BMT Baş Assambleyasında əksər ölkələr tərəfindən qanunsuz olaraq qınanılıb. Rusiya dörd bölgənin heç birinə tam nəzarət etmir.

Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiya hərbi qüvvələri Ukraynanın Xarkiv vilayətinin Kroxmalnoye kəndini ələ keçirib.

Ukrayna qüvvələri bu məlumatı təsdiqləsə də, kəndin ələ keçirilməsini “müvəqqəti hadisə” adlandırıb.

Təxminən 1500 kilometr cəbhə xətti boyunca Rusiya və Ukrayna qüvvələri arasında döyüşlər qış boyu dəyişməz olaraq qalır.

Forum

XS
SM
MD
LG