Accessibility links

Təbrizdə Volkan adlı uşağın ilk ad günü şəxsiyyət vəsiqəsi olmadan keçirilib


Təbrizdə doğulan Volkan adlı uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda onun 1 illik ad günü keçirilib.

Volkanın atası Rəhman Azərmirad öz Instagram səhifəsində oğlunun ad günü məclisinin şəkillərini paylaşaraq, qeyd edib ki, İran Qeydiyyat İdarəsi və məhkəmə, Volkan adının İran mədəniyyətinə uyğun olmaması açıqlaması ilə həmin ad ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edir.

Keçən il may ayında Volkan Azərmirad təxminən dörd aylığında ikən, ailəsinin məhkəməyə müraciəti nəticəsində, Təbrizin Ümumi və Hüquqi Məhkəməsi adın "yabançı" olduğunu əsas gətirərək, ailənin iddiasını etibarsız saymağa qərar vermişdi.

Volkanın valideynlərinin hüquqi mübarizəsi doğrultusunda, onlar Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə müraciət ediblər. Keçən il iyul ayında isə, həmin məhkəmə Təbrizin Ümumi və Hüquqi Məhkəməsinin arqumentinə əsaslanaraq, Volkanın valideynlərinin iddiasının etibarsız sayılmasını qüvvədə saxlayıb.

Hər bir uşağın adı və şəxsiyyətini təsdiq edən sənədə sahib olmaq hüququ var. Lakin İran hökuməti valideynlərin övladları üçün ad seçiminə məhdudiyyət qoymaqla, uşaqların hüquqlarını pozur.

Bəzi müşahidəçilər ailələrin türk adlarla övladlarına şəxsiyyət vəsiqəsi almaqda israrçı olmalarını ölkədəki milli azlıqların, xüsusilə də azərbaycanlıların mədəni və dil hüquqları uğrunda mübarizəsi çərçivəsində mədəni itaətsizlik kampaniyası kimi qiymətləndirir.

İranda şəxsiyyət vəsiqəsi olmayan uşaqların üzləşdiyi çətinliklər onların tibbi sığorta və sosial xidmətlərdən məhrum olmasına səbəb olur. Hakimiyyətin valideynlərin uşaqlarına ad seçimində etdiyi müdaxilələr, İran Azərbaycanı bölgəsində və ölkənin digər türk bölgələrində ailələr üçün problemlərin yaranmasına səbəb olur.

Forum

XS
SM
MD
LG