İctimai fəal, bloger Arzu Sayadoğlu yanvarın 16-da saxlanılıb, onun barəsində yanvarın 18-də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Bakının Səbail Rayon Məhkəməsindən Amerikanın Səsinə bildiriblər.
Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham sübut olunarsa blogeri beş ildən on ilədək həbs cəzası gözləyir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.
Blogerin yoxa çıxdığını yanvarın 26-da hüquq-müdafiəçiləri bildirib.
Sayadoğlu "Azad Söz" onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən və vətəndaşları hökumət əleyhinə etirazlara çağırdıqdan sonra onunla əlaqə kəsilib.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, hədə-qorxu ilə tələbetmə ittihamının istintaqının aparılması Daxili İşlər Nazirliyinə aiddir.
"Məndə olan məlumata görə, bu ittihamın istintaqı həm də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb. Cinayət Prossesual Məcəlləsinin 215-ci maddəsinin tələbinə görə baş prokurorun qərarı əsasında istintaq aiddiyyatı üzrə dəyişdirilə bilər. Lakin bunun üçün əsaslar olmalıdır. Əsaslardan biri budur ki, prokurorluq məyyən etsə ki, aidiyyatı istintaq orqanı hadisəni qeydiyyatdan gizlədir, təqsirləndirilən şəxsin istintaq zamanı müdafiə hüququ pozulur, qanunsuz həbsdə saxlanılır, işgəncə verilir və yaxud istintaq orqanı ilə qohumluq münasibətləri və s. əsaslar varsa istintaqın aparılması digər orqana verilə bilər. Bu hal üzrə hələ istintaq aparılmayıb.
Daxili İşlər Nazirliyi araşdıma aparmadan, sual doğur ki, baş prokuoror hansı əsasla bu cinayət işinin istintaqını Dövlət Təhlükəsziliyi Xidmətinə verib. Bu normalardan çıxış edərək bildirə bilərəm ki, proses hüquqi deyil, siyasidir", hüquq müdafiəçisi qeyd edib.
Forum