Accessibility links

Austin: ABŞ qoşunlarının müdafiəsi üçün bütün lazımi tədbirləri görəcək


Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi militantların İordaniyada yerləşən Amerika hərbçilərinə qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumunu şərh edərkən, Birləşmiş Ştatların qoşunlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini bildirib.

İnsident nəticəsində 3 amerikalı əsgər həlak olub, onlarla əsgər yaralanıb. Bu, İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ABŞ əsgərlərinin itkilərilə nəticələnən ilk zərbədir.

Austin Pentaqonda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşün əvvəlində deyib: "Prezident və mən Amerika qoşunlarına hücumlara dözməyəcəyik və Birləşmiş Ştatlar və qoşunlarımızı qorumaq üçün bütün lazımi addımları atacağıq".

ABŞ hazırda İordaniyada Tower 22 kimi tanınan bazada 350-yə yaxın əsgərin pilotsuz təyyarəni niyə dayandıra bilmədiyini araşdırır.

İki məmur bildirib ki, ABŞ pilotsuz təyyarəsi təxminən eyni vaxtda bazaya yaxınlaşıb. Bir səlahiyyətli bildirib ki, sonuncu aşağıdan uçub ki, bu da təyyarənin bazanın müdafiə sistemləri tərəfindən izlənməsinə mane ola bilərdi.

Pilotsuz təyyarənin Amerika hava hücumundan müdafiə sistemindən necə keçə bildiyi və dəqiq haradan buraxıldığı hələ məlum deyil.

Associated Press xəbər agentliyinin adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ hərbçiləri düşmən aparatını Amerikanın pilotsuz təyyarəsi ilə səhv salıb, onun bazaya maneəsiz uçmasına icazə vermiş ola bilər.

İranın Xarici İşlər Nazirliyi hadisəyə görə məsuliyyəti rədd edir.

"İran regionda sabitliyi pozmaqda davam edir, xüsusən də Qırmızı dənizdə gəmilərimizə hücum edən terrorçulara dəstək verir", Stoltenberq bildirib.

ABŞ İranın dəstəklədiyi qrupların əvvəlki hücumlarına cavab olaraq İraq, Suriya və Yəməndə artıq əks tədbirlər görüb.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, prezident Co Bayden müxtəlif cavab variantlarını nəzərdən keçirir.

"O, bütün seçimlərini düşünür. Dünən dediyi kimi, cavab verəcəyik. Biz bunu istədiyimiz kimi, istədiyimiz zaman prezidentin Ali Baş Komandan olaraq seçdiyi yolla edəcəyik", Kirbi deyib.

O əlavə edib ki, ABŞ eskalasiyaya can atmır və İranla müharibə istəmir.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bazar ertəsi Yaxın Şərqdəki gərginlikdən narahat olduğunu bildirib və İranı gərginliyi azaltmağa çağırıb.

Konqresdəki bəzi Respublikaçı nümayəndələr isə Ağ Ev rəhbərini İrana birbaşa zərbə endirməyə çağırıb. Lakin belə ölçülərin regionda münaqişənin genişlənməsinə gətirib çıxara biləcəyi ilə bağlı qorxular mövcuddur.

İordaniya ABŞ ordusuna qarşı “terror hücumunu” pisləyib. Ölkədəki yüksək səviyyəli təhlükəsizlik mənbəyi Reuters agentliyinə bildirib ki, İordaniya bu yaxınlarda ABŞ-dan daha təkmil müdafiə avadanlığı və digər dəstək istəyib, çünki İran və onun tərəfdarlarının hərəkətlərinin münaqişəni gərginləşdirə biləcəyindən ehtiyat edir.

İordaniya həmçinin İran və onun dəstəklədiyi regional militantların yaratdığı təhlükə ilə bağlı artan narahatlıqlar fonunda Vaşinqtondan Patriot hava hücumundan müdafiə sistemləri istəyib.

2021-ci ilin yanvarında ABŞ və İordaniya ABŞ qoşunlarına İordaniyanın bir sıra hərbi obyektlərinə "məhdudiyyətsiz giriş" imkanı verən müdafiə sazişi imzalayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG