Accessibility links

ABŞ və Britaniya husi hədəflərinə hava zərbələri endirib


Qırıcı təyyarə ABŞ hərbi donanmasına məxsus USS Duayt Eyzenhauer gəmisindən səmaya qalxır. 3 fevral, 2024. (U.S. Navy/Mass Communication Specialist 3rd Class Janae Chambers/Handout via REUTERS)
Qırıcı təyyarə ABŞ hərbi donanmasına məxsus USS Duayt Eyzenhauer gəmisindən səmaya qalxır. 3 fevral, 2024. (U.S. Navy/Mass Communication Specialist 3rd Class Janae Chambers/Handout via REUTERS)

İranın himayə etdiyi qruplaşmalara qarşı cavab zərbələrinin ikinci dalğasında Birləşmiş Ştatlar və Böyük Britaniya şənbə günü Yəməndə azı 36 husi hədəfinə hava zərbələri endiriblər.

Birgə əməliyyat raket atan qurğuları, radar cihazlarını, və dronları hədəf alıb.

Yaydığı açıqlamada Pentaqon bildirib ki, Yəmən boyunca 13 məkanda endirilən hava zərbələrində ABŞ-a məxsus F/A-18 qırıcı təyyarələrdən, Tomahavk raketlərindən istifadə olunub.

"Bu dəqiq zərbələrin məramı qlobal ticarətə və günahsız dənizçi həyatlarına təhlükə törədən husilərin hərbi imkanlarını azaltmaq və dağıtmaqdır," deyə bəyanatda hava zərbələrinin husilərin hücumlarına cavab olduğu vurğulanır.

Sonuncu dəfə yanvarın 11-də və 22-də koalisiya qüvvələri husilərə zərbələr endirmişdi.

ABŞ prezidenti Co Bayden ABŞ-ın qərb sahilinə seçki kampaniyası səfərinə yola düşməzdən öncə məlumatlandırılıb.

Husilər geri çəkilməyəcəklərini aydın ediblər.

"Bizə nə qədər baha başa gəlməsindən asılı olmayaraq Qəzzada genosid cinayətləri dayandırılanadək və ərazinin sakinlərinin blokadası aradan qaldırılanadək İsrail əleyhinə həırbi əməliyyatlar davam edəcək," husi rəsmi Məhəmməd əl-Buxayti X platformasına yazıb. "Yəmənə qarşı Amerika-Britaniya təcavüzü cavabsız qalmayacaq və biz eskalasiyaya eskalasiya ilə cavab verəcəyik."

Yanvar ayında Birləşmiş Ştatlar Qırmızı Dəniz və Ədən körfəzində beynəlxalq gəmilərə raket və dronlarla hücum edən Yəmənin husi üsyançılarını yenidən Xüsusi Təyin olunmuş Qlobal Terrorçu qrup kimi təsnif edib. Bu addım yanvar ayında ABŞ və başqa ölkələrin husiləri dəfələrlə kommersiya gəmilərinə atəş açmamağa çağırmalarından sonra atılıb.

İordaniyada Amerika bazasına ölümcül dron hücumuna cavab olaraq ABŞ qüvvələri cümə günü İran İnqilab Keşikçiləri Korpusu və onun İraq və Suriyadakı proksiləri ilə əlaqəsi olan 85-dən çox hədəfə hava zərbələri endirib.

Kütləvi zərbələr yeddi obyekti, o cümlədən komanda və idarəetmə qərargahlarını, kəşfiyyat mərkəzləri, raketlər, pilotsuz uçuş aparatları anbarları, döyüş sursatlarının saxlanıldığı yerləri və digər obyektləri hədəf alıb.

Prezident Co Bayden deyib ki, zərbələr "bizə zərər vurmaq istəyənlərin hamısına" nümayiş etdirir ki, "əgər amerikalıya xətər yetirsəniz, biz cavab verəcəyik."

Forum

XS
SM
MD
LG