İsrail qüvvələri bazar ertəsi Qəzza zolağında onlarla militantın öldürüldüyünü bildirib. Hərbi qüvvələrin bu açıqlaması ABŞ dövlət katibi Antoni Blinkenin döyüşlərdə yeni fasilənin əldə edilməsi məqsədilə bölgəyə səfəri fonunda verilib.
İsrail Müdafiə Qüvvələri ötən gün keçirdiyi əməliyyatların Xan Yunisdə hava hücumları və quruda döyüşlər, həmçinin Qəzzanın şimal və mərkəzində reydlərdən ibarət olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatı Xan Yunis bölgəsində intensiv döyüşlər nəticəsində mülki insanların daha da cənuba, Qəzza əhalisinin yarıdan çoxunun artıq sığınacaq tapdığı və çoxlarının müvəqqəti sığınacaqlarda olduğu Rəfaha doğru sıxışdırıldığını bildirib.
BMT Qəzza əhalisinin 75%-nin evlərini tərk etdiyini təxmin edir və Qəzzada insanların “kəskin qida, su, sığınacaq və dərman qıtlığı” ilə üzləşdiyini bildirir.
Təklif olunan müvəqqəti atəşkəs HƏMAS militantları tərəfindən saxlanılan girovların azad edilməsi ilə yanaşı Qəzzaya humanitar yardımın həcminin artırılmasını nəzərdə tutur.
HƏMAS liderləri Misir, Qətər və ABŞ-ın vasitəçiləri ilə danışıqlardan sonra bir həftədir ki, təklifi nəzərdən keçirirlər.
Bu arada, ABŞ dövlət katibi Antoni Blinken bölgəyə səfər edərək, bu həftə Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilində görüşlər keçirəcək.
“Dövlət katibi bütün qalan girovların azad edilməsini təmin edən və Qəzzada mülki şəxslərə humanitar yardımın davamlı və artan şəkildə çatdırılmasına imkan verəcək humanitar fasiləni əhatə edən razılaşma əldə etmək üçün diplomatik səyləri davam etdirəcək”, Dövlət Departamenti bildirib.
İsrailin məlumatlarına görə, HƏMAS silahlı qrupunun oktyabrın 7-də İsrailə hücum edərək əksəriyyəti mülki vətəndaşlar olan 1200-ə yaxın insanın ölümünə səbəb olan hücumlardan sonra Qəzzanı idarə edən HƏMAS-ı məhv edəcəyinə söz verib. ABŞ, Avropa İttifaqı və digərləri tərəfindən terror təşkilatı elan edilən HƏMAS hücum zamanı 240-a yaxın insanı girov götürüb.
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada havadan və quruda həyata keçirdiyi hərbi əməliyyatları nəticəsində 27300-dən çox fələstinli həlak olub, 66000 nəfər isə yaralanıb. Nazirlik bu rəqəmlərə həm mülki şəxsləri, həm də militantları daxil edir, lakin öldürülənlərin 70%-nin qadın və uşaqlar olduğunu bildirir.
Forum