Çilidə yanğınsöndürənlər bazar günü ölkənin mərkəzində iki gün əvvəl baş verən kütləvi meşə yanğınları ilə mübarizə aparıblar. 100-dən çox insanın öldüyünü deyən rəsmilər yanğınlardan ən çox təsirlənən şəhərlərdə komendant saatının uzadıldığını bildirib.
Yanğınlar Vina del Mar şəhəri ətrafında ən yüksək intensivliyə çatıb. Nəticədə əsası 1931-c ildə qoyulan məşhur botanika bağı məhv edilib, azı 1600 insan evsiz qalıb.
Vina del Marın şərq hissəsində bir neçə məhəllə alov və tüstüyə bürünüb. Bəzi insanlar evlərində ilişib qalıb. Rəsmilər Vina del Mar və ətraf bölgədə 200 nəfərin itkin düşdüyü barədə məlumat verib.
300.000 əhalisi olan şəhər məşhur dəniz kurortudur və həmçinin cənub yarımkürəsinin yay aylarında məşhur musiqi festivalına ev sahibliyi edir.
Bazar günü səhər Çili prezidenti Qabriel Boric yanğınlardan zərər çəkən Quilpe şəhərini ziyarət edib. Burada 64 nəfərin həlak olduğu bildirilir. Günortadan sonra Çili Ədliyyə Tibb Xidməti, əvvəllər Twitter kimi tanınan X platformasında yaydığı mesajında ölənlərin sayının 99 nəfərə çatdığını bildirmişdi.
Prezident Qabriel Boric xilasedicilərin uçmuş evlərdə axtarış aparması nəticəsində ölənlərin sayının arta biləcəyini bildirib.
Vina del Mar və digər təsirlənmiş şəhərlərin yerləşdiyi Valparaiso bölgəsinin qubernatoru Rodrigo Mundaka bazar günü bəzi yanğınların qəsdən törədilə biləcəyinə inandığını bildirib və şənbə günü Boric tərəfindən də qeyd səsləndirilən fikri təkrarlayıb.
"Bu yanğınlar eyni vaxtda dörd nöqtədə başlayıb", Mundaka deyib. "Biz rəsmilər olaraq kimin məsuliyyət daşıdığını tapmaq üçün ciddi işləməliyik", o əlavə edib.
Ölkədə prezdient trəfindən iki günlük matəm elan edilib. "Bütün Çili əziyyət çəkir", Boric bildirib. "Ancaq biz bir daha dirçələcəyik" - deyə, o əlavə edib.
Rəsmilər yanğından zərər çəkmiş bölgələrdəki insanlardan mümkün qədər tez evlərini tərk etmələrini istəyərkən, yanğından daha uzaqda olanlara yanğınsöndürən və təcili yardım maşınlarının keçidini asanlaşdırmaq üçün evdə qalmaları deyilib.
Yanğınlar Çilinin mərkəzində bir həftə ərzində rekord yüksək temperaturun qeydə alındığı bir vaxt baş verib. Son iki ayda El Nino hava fenomeni Cənubi Amerikanın qərbində quraqlığa və yüksək temperatura səbəb olub ki, bu da meşə yanğınları riskini artırıb.
Forum