Accessibility links

Blinken Səudiyyə Ərəbistanında: Qəzzanın gələcəyi və Səudiyyə-İsrail münasibətlərinin normallaşması gündəmdə


ABŞ dövlət katibi Blinken Səudiyyə Ərəbistanına səfər edir, 5 fevral, 2024.
ABŞ dövlət katibi Blinken Səudiyyə Ərəbistanına səfər edir, 5 fevral, 2024.

ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi Yaxın Şərqə turnesinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanına səfər edib. Səfərin məqsədi Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların asanlaşdırılması, eləcə də hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzzanın idarə olunması məsələsində dialoqda irəliləyişə nail olmaqdan ibarətdir.

Ər-Riyadda Blinken vəliəhd şahzadə Məhəmməd bin Salman, həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Faysal bin Fərhan Əl Səud ilə görüşlər keçirib.

“Qəzzada humanitar ehtiyacların təcili həll edilməsi və Yaxın Şərqdə sabitliyin təşviq edilməsi Səudiyyə Ərəbistanı ilə paylaşdığımız prioritetlərdir”, Blinken Farhanla görüşdə bildirib.

Müharibə başlamazdan əvvəl Səudiyyə Ərəbistanı İsraillə rəsmi əlaqələr qurmağı nəzərdə keçirirdi.

Yanvar ayında vəliəhd şahzadə Məhəmməd bin Salman ilə danışıqlardan sonra Blinken münasibətlərin normallaşdırılmasında “açıq maraq” görməyə davam etdiyini bildirib.

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanından sonra Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə də səfər edəcək.

Blinken HƏMAS militantları tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılığın əldə edilməsi məqsədilə Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS ilə aparılan danışıqlarda irəliləyişə nail olmaq üçün həftənin sonunda Misir, Qətər və İsrailə səfər edəcək. Blinken yanvarda ABŞ, İsrail, Misir və Qətərin yüksək səviyyəli rəsmilərinin Paris görüşündə irəli sürülən atəşkəs təklifini də müzakirə edəcək.

Blinkenin bölgəyə səfəri Amerika rəsmilərinin “bölgənin onilliklər ərzində gördüyü ən təhlükəli dövrlərdən biri” kimi təsvir etdiyi bir vaxta təsadüf edir.

ABŞ diplomatı oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra regiona beşinci səfərini Birləşmiş Ştatların keçən həftə İordaniyada 3 amerikalı əsgərin həlak olduğu, onlarla əsgərin yaralandığı dron hücumuna cavab olaraq, Suriya, İraq və Yəməndə İranın dəstəklədiyi militantlara cavab zərbələri endirdiyi fonda edir.

“Dövlət katibi bütün qalan girovların azad edilməsini təmin edən və Qəzzada mülki şəxslərə humanitar yardımın davamlı və artan şəkildə çatdırılmasına imkan verəcək humanitar fasiləni əhatə edən razılaşma əldə etmək üçün diplomatik səyləri davam etdirəcək”, ABŞ Dövlət Departamenti Blinkenin regiona səfəri ilə bağlı bildirib.

Forum

XS
SM
MD
LG