Accessibility links

Azərbaycanda növbədənkənar prezident seçkiləri

15:57 9.2.2024

MSK: İlham Əliyev 92,12 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyası 6537 seçki məntəqəsinin hamısından bülletenleri 100 faiz nəzərdən keçirdikdən sonra növbədənkənar prezident seçkilərinin nəticələrini açıqlayıb.

MSK-nin məlumatına görə, hazırkı prezident İlham Əliyev 92,12 faiz səs (4 577 693 səs) toplayaraq birincidir.

Zahid Oruc 2,17 faiz (107 877 səs), Fazil Mustafa 1,98 faiz (98 623 səs), Qüdrət Həsənquliyev 1,72 faiz (85 607 səs), Razi Nurullayev 0,80 faiz (39 727 səs), Elşad Musayev 0,66 faiz (32 956 səs), Fuad Əliyev 0,53 faiz (26 561 səs) səs toplayıb.

Seçkilərin nəticələri yoxlanmaq və təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Konstitusiya Məhkəməsinin qərarından sonra dövlət başçısının andiçmə mərasimi keçiriləcək.

Maraqlıdır ki, yuxarıdakı siyahıdakı son üç namizədin heç biri namizədlikləri qeydə alınmaq üçün MSK-ya təqdim etdikləri 40 min seçici imzası qədər səs toplaya bilməyib.

Yerli medianın məlumatına görə, prezidentiyə namizədlərin hamısı İlham Əliyevə zəng edərək onu seçkidə qələbə qazanması münasibəti ilə təbrik edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.

“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, sənəddə qeyd edilir.

15:54 9.2.2024

Seçki Müşahidə Alyansı president seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri rəqabətsiz və qeyri-demokratik atmosferdə keçib”.

Bu barədə Seçki Müşahidə Alyansının ilkin bəyanatında deyilir.

Bu qurumun monitorinq missiyası 7 ekspert və 20 qısamüddətli müşahidəçidən ibarət olub. 20 seçki dairəsində 120 məntəqədə səsvermə və səslərin sayılması proseslərini izləyib.

Bəyanatda qeyd olunur ki, əsas müxalifət partiyaları seçkini boykot etsə də, hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş hazırkı prezident İlham Əliyev hər hansı çətinliklə üzləşməyib.

“Ümumi məhdudlaşdırıcı seçki mühiti ilə yanaşı seçki günü çoxsaylı pozuntular seçkinin bütövlüyünü əhəmiyyətli dərəcədə pozub”, sənəddə deyilir.

Sənəddə bildirilir ki, media və vətəndaş cəmiyyəti həm seçkidən əvvəl, həm də seçki periodunda məhdudiyyətlər altında fəaliyyət göstərib, “hücumlara və qarayaxma kampaniyalarına” məruz qalıb, seçki dövründə 10-dan çox jurnalistin həbs edilməsi repressiv mühiti gücləndirib.

“Vətəndaş cəmiyyəti təşkilatları üçün məhdudiyyət və təzyiqlərlə səciyyələnən əlverişsiz şərait onların seçkinin bütövlüyünə töhfə vermək imkanlarını daha da azaldıb”, sənəddə deyilir.

“11 halda müşahidəçilərə məntəqəyə daxil olmaq, məntəqədə əlverişli nöqtədə müşahidə aparmaq və ya video/foto çəkiliş zamanı maneələr törədilib, bəzi hallarda müşahidəçilər məntəqədən polis müdaxiləsilə qanunsuz olaraq uzaqlaşdırılıb. Məntəqələrin 70 faizi əlilliyi olan şəxslər üçün əlçatmaz olub. Məntəqələrin 45 faizində qeydiyyatda olmayan şəxslərin səsvermə halı, 20 faizində təkrar səsvermə halı, 15 faizində seçki qutularına topa bülleten atılması halları, 60 faizində isə “karusel” (seçicilərin qrup şəklində məntəqələri gəzərək səsverməsi) halları müşahidə edilərək sənədləşdirilib”, bəyanatda qeyd edilir.

Seçki Müşahidə Alyansı hesab edir ki, bir çox hallarda məntəqələrdə səslərin sayılması prosesində şəffaflıq təmin edilməyib.

“Məntəqələrin 35 faizində müşahidəçilərə səslərin sayılması prosesini rahat müşahidə etməyə imkan verilməyib. Məntəqələrin 50 faizindən çoxunda isə yekun protokolun rəsmi surəti qanunsuz olaraq müşahidəçilərə təqdim olunmayıb. Qeyd olunan pozuntulara dair daha ətraflı məlumat Seçki Müşahidə Aalyansının yekun hesabatında dərc olunacaq”, rəydə deyilir.

Bununla yanaşı, Azərbaycanın Mərkəzi Seçki Komissiyası ölkədə seçki mühitinin demokratik tələblərə tam cavab verdiyini, azad, ədalətli, demokratik seçki keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirir. MSK həmçinin səsvermə zamanı pozuntularla bağlı deyilənləri təkzib edib.

Rəsmi Bakı Azərbaycanda iradəsinə görə insanların təqib edilmədiyini, qanunvericilik qarşısında bərabər olduğunu bəyan edib.

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində isə deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.

“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, sənəddə qeyd edilir.

Seçki Müşahidə Alyansı son prezident seçkiləri ərəfəsində bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılan yerli ictimai qurumdur.

Rəhbəri Məmməd Məmmədzadədir.

20:37 8.2.2024

ABŞ səfirliyi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Amerika Birləşmiş Ştatları fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.

Bu barədə fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ABŞ səfirliyinin bəyanatında deyilir.

“Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, ABŞ səfirliyi qeyd edir.

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.

“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, sənəddə qeyd edilir.

18:21 8.2.2024

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi prezident seçkisi ilə bağlı ilkin rəyini açıqlayıb

İlham Əliyevin beşinci dönəm hakimiyyətdə qalmasını təmin edən seçkilər siyasi rəqabət çatışmazlığı və kütləvi məhdudiyyətlərlə müşayiət olunub, deyə Qərbli seçki müşahidəçiləri bildirib.

Çərşənbə günü səslərin 92 faizini qazandığı deyilən İlham Əliyevin qələbəsi müstəqil mediaya və müxalifət basqılar fonunda baş verib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) səsvermənin qeyri-rəqabətcil mühitdə keçirildiyini vurğulayıb.

“Altı digər namizəd kampaniyada iştirak etsə də, onlardan heç biri hakimiyyətdə olan prezidentin siyasətinə inamlı maneə yaratmadıqlarına görə seçicilər həqiqi alternativsiz qalıb,” açıqlamada deyilir.

Mətbuat konfransında açıqlanan sənəddə bildirilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçdi, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qaldı.

"Bu, Azərbaycan Respublikasının bütün beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi. Bu mövzu əsasən süst keçən kampaniyada üstünlük təşkil edib və ictimai əhval-ruhiyyəni əks etdirib," açıqlamada vurğulanıb.

Sənəd müəllifləri hesab edirlər ki, hazırkı prezidentin mövqeyi mənalı mübahisələndirilməyib, müstəqil media, vətəndaş cəmiyyəti və siyasi partiyalar üçün məkanın daralması ilə bərabər, ölkə rəhbərinin səlahiyyətlərin artırılması isə həqiqi plüralizmdən məhrum olan rəqabətlə nəticələnib:

"Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir."

Sənəddə qeyd edilir ki, seçki komissiyaları kifayət qədər resurslarla təmin olunsa da, səsvermə, səslərin hesablanması zamanı səhvlərin edilməməsi üçün mühüm təminatlara çox vaxt məhəl qoyulmayıb.

Daha çox yüklə

XS
SM
MD
LG