Accessibility links

Azərbaycanda prezident seçkilərinə müşahidəçilərin baxışları


Seçki müşahidəçiləri
Seçki müşahidəçiləri

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidəçilər izləyir. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (PA), MDB Parlament Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, digər ölkə və parlamentlərin müşahidə missiyaları var.

Bu gün ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri Artur Gerasimov (Ukrayna) bildirib ki, hazırda ATƏT DTİHB-nin və ATƏT PA-nin üç yüz seçki müşahidəçisi ölkənin bütün regionlarında müşahidə aparır.

“ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyimiz ümumi bir layihədir. Buraya ATƏT PA-nin qısamüddətli müşahidəçiləri, ATƏT DTİHB-nin uzunmüddətli və qısamüddətli müşahidəçiləri daxildir. Müşahidəçilərin ümumi sayı üç yüzdən çoxdur. Onlar Bakıda, Sumqayıtda, Naxçıvanda və ölkənin digər regionlarında seçkiləri müşahidə edir”, o qeyd edib.

Artur Gerasimov və Daniela De Ridder
Artur Gerasimov və Daniela De Ridder

Gerasimov deyib ki, müşahidələri zamanı seçkilərin standartlara uyğun keçirilib-keçirilməməsini qeydə alırlar.

“Aydın prinsiplərimiz, standartlarımız, prosedur qaydalarımız var. Biz seçkinin bu qaydalara uyğun keçirilib-keçirilməməsini qiymətləndiririk. Bu qaydalar 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədində əks olunub. Bizim müşahidəçilərimizin hamısı ciddi təlimdən keçib. Eyni zamanda onlar müşahidə ilə yanaşı ölkədəki müxtəlif tərəflərlə görüşlər keçirib məlumat alıblar. Bu tərəflər seçki administrasiyası, vətəndaş cəmiyyətinin nümayəndələri, QHT-lər, namizədlər, ekspertlər, media nümayəndələri, araşdırmaçı jurnalistlərdir. Biz onlarla görüşüb seçkinin hansı kontekstdə keçirlməsi ilə bağlı təsəvvür formalaşdırmışıq”.

Gerasimov qeyd edib ki, ilk dəfə Azərbaycanda seçki ölkənin hər yerində, 125 seçki dairəsində keçirilir.

“Azərbaycanın beynəlxalq tanınan ərazisində ilk dəfə seçki keçirilir”, o deyib.

Onun dediyinə görə, bütün müşahidəçilər seçki məntəqələrində müşahisdələrinin nəticəsi olaraq onlara təqdim edilmiş hesabatı doldurub təqdim edəcək və bu əsasda yerkun rəy formalaşdıracaqlar.

Seçki
Seçki

ATƏT PA nümayəndə heyətinin rəhbəri, vitse-prezident Daniela De Ridder (Almaniya) deyib ki, onlar bu gün seçki məntəqələrinin açılış mərasimini izləyib.

“Müşahidələrimizə görə həddindən çox insan səsvermədə iştirak edir. Bütün gün boyu seçki prosesini müşahidə edəcəyik. Eyni zamanda seçkinin sonunda bağlanışı və səslərin sayılması prosesini müşahidə edəcəyik”.

Jurnalsitlərin həbs olunduğu bir şəraitdə azad seçki keçirmək nə qədər adekvatddır? - sualına cavabda Gerasimov deyib ki, uzunmüddətli müşahidəçilər ölkədə fəaliyyətdədir.

“Yekun hesabat dərc olunanda bu məsələlərin orada necə əks olunduğunu görəcəksiniz”, o qeyd edib.

Daniela De Ridder isə deyib ki, onun özü də əvvəllər jurnalist olub.

“Ona görə mən çox yaxşı bilirəm ki, azad mətbuat nə qədər önəmlidir. Bizim Azərbaycanda seçkini uzunmüddətli müşahidə edənlər çox yaxşı bilirlər ki, ölkədə seçki hansı şəraitdə keçir”, o qeyd edib.

Anna Skroznikova
Anna Skroznikova

Şanxay Əməkdaşlıq Təşkilatının seçki müşahidə missiyasının Rusiya parlamentinin üzvü olan müşahidəçisi Anna Skroznikova seçkilərin standartlara uyğun olduğunu müşahidə etdiyini deyib.

“Mənə elə gəlir ki, hər şey qanunun normasından da yaxşı olacaq. Biz bütün namizədlərə müvəffəqiyyət arzulayırıq. İndiyədək hər hansı problem müşahidə etməmişik. Azərbaycandakı seçkilər Rusiyadakı seçkilərə çox bənzəyir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG