Accessibility links

Türkiyə parlamenti AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırıb


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş (Mənbə: TBMM)
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş (Mənbə: TBMM)

“Biz Türkiyə Böyük Millət Məclisi (TBMM) olaraq, Avropa Şurası Parlament Assambleyasını dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan Respublikasının nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırırıq”.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Azərbaycan nümayəndə heyətinin icazə sənədlərinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təsdiq edilməməsindən təəssüfləndiklərini və bu qərara tezliklə yenidən baxılmasını gözlədiklərini bildirən bəyanatında deyilir.

Türkiyə Böyük Millət Məclisinin rəsmi internet saytında yayılan məlumata görə, qurumun sədri qeyd edib ki, 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan ötən dövrlərdə öz fəaliyyəti və əməkdaşlığı ilə bu təşkilatın əsas prinsiplərinin həyata keçirilməsinə, həmçinin mədəni müxtəlifliyin qorunması və mədəniyyətlərarası dialoqun təşviqi kimi cari dövrün ən mühüm missiyalarının həyata keçirilməsinə mühüm töhfələr verib.

Kurtulmuş deyib: “Bu qərar Avropa Şurasına üzv olan ölkənin AŞPA-nın işindən kənarlaşdırılması deməkdir. Dünyada geosiyasi gərginliyin, siyasi çəkişmələrin və münaqişələrin artdığı bir vaxtda çoxtərəfli diplomatiya öz gücünü və mövqeyini itirməməlidir. AŞPA münaqişə zonası deyil, dialoq və əməkdaşlıq meydanı kimi mövcudluğunu qoruyub saxlamalıdır. Biz Türkiyə Böyük Millət Məclisi olaraq, Avropa Şurası Parlament Assambleyasını dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbayacanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırırıq. Bu anlayışla Azərbaycan nümayəndə heyətinin icazə sənədlərinin təsdiqlənməməsi qərarının ən qısa zamanda nəzərdən keçirilməsini gözləyirik”, bəyanatda qeyd edilir.

​Yanvarın 24-də Avopa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib.

AŞPA-nın qətnaməsində 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə edilir.

Müzakirələrdə çıxış edən AŞPA üzvləri Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə son dönəmlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqlər, o cümlədən “Abzas Media” jurnalistlərinin həbsin, “Tərtər işi” də daxil olmaqla işgəncə və pis rəftar hallarının geniş yayılması, Azərbaycanın Avropa Məhkəməsi qərarlarını icra etməməsi və bir sıra digər məsələlər barədə danışıblar.

“Bu vəziyyət, Azərbaycanın bir il müddətində Assambleyada olmaması təəssüf doğurur, ancaq bu vacibdir. Bunun vacib olduğunu anlamaq üçün bir neçə rəqəmə diqqət yetirə bilərik. Son illərdə qəbul edilən ən az 14 qətnamədə Azərbaycanın adı Assambleyanın bütün əsas dəyərlərini - demokratiya, insan hüquqları və qanunun aliliyini pozan ölkə kimi çəkilir. Siyasi məhbusların sayı ilə bağlı rəqəm də məsələnin nə dərəcədə ciddi olduğunu göstərir - 254 siyasi məhbus”, hesabatın müəllifi danimarkalı deputat Mogens Yensen vurğulayıb.

Parlamentarlar həmçinin Azərbaycanın öhdəliklərinə zidd olaraq Assambleya ilə əməkdaşlıq etməməsinə, xüsusən Assambleyanın prezident seçkilərinə dəvət edilməməsi, AŞPA-nın Monitorinq Komitəsinin məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinə imkan yaradılmamasına diqqət çəkiblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov etimadnamənin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

“Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”, Azərbaycanın nümayəndə heyətinin bəyanatında vurğulanır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG