Accessibility links

ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirilib


Pentaqonun sözçüsü bildirib ki, ABŞ müdafiə naziri Lloyd Austin bazar günü "sidik kisəsi problemini göstərən simptomların" müalicəsi üçün Walter Reed hərbi xəstəxanasına yerləşdirilib.

“Müdafiə nazirinin müavini və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri məlumatlandırılıb. Bundan əlavə, Ağ Ev və Konqresə bildirişlər göndərilib” - deyə, Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder yazılı açıqlamada bildirib.

Bazar günü Austin “ofis funksiyalarını və vəzifələrini” müdafiə nazirinin müavini Ketlin Hiksə təhvil verib.

“Müdafiə nazirinin müavini funksiya və vəzifələri üzərinə götürüb. Bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Ağ Ev və Konqresə məlumat verilib”, məlumatda deyilir.

Walter Reed Hərbi Tibb Mərkəzinin rəsmiləri Austinin testlərdən keçdikdən sonra "dəstəkləyici qayğı və yaxından izləmə üçün" xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Rayder Austinin vəziyyəti ilə bağlı yeniləmənin mümkün qədər tez veriləcəyini deyib.

Keçən ilin sonunda Austinə prostat xərçəngi diaqnozu qoyulub. O, diaqnozunu, cərrahiyyə əməliyyatını və prosedurdan sonra yaranan ağırlaşmalarla xəstəxanaya yerləşdirilməsini gizli saxladığı üçün tənqid edilib.

Fevralın 1-də 70 yaşlı Austin Associated Press agentliyinə deyib ki, diaqnoz ilk dəfə deyildikdə, xəbər onu sarsıdıb.

“Açığı, mənim ilk instinktim onu gizli saxlamaq oldu. Xərçəng diaqnozum barədə prezidentə deməliydim. Mən də öz komandama və Amerika ictimaiyyətinə deməliydim və bütün məsuliyyəti öz üzərimə götürürəm”, Austin deyib.

Dekabrın əvvəlində prostat xərçəngi diaqnozu qoyulduqdan sonra o, dekabrın 22-də cərrahiyyə əməliyyat üçün xəstəxanaya gedib və növbəti həftə evdən işləyib.

Austin yanvarın 1-də yenidən xəstəxanaya qəbul edilib. Həddindən artıq ağrı hiss etdiyinə görə reanimasiya şöbəsinə yerləşdirilib və daha iki həftə xəstəxanada qalıb.

Prezident Bayden və digər aparıcı liderlərə Austinin diaqnozu barədə xəstəxanaya yenidən yerləşdirildikdən bir həftə sonra məlumat verilib.

Austinin açıqlama verməməsi federal təlimatlarda dəyişikliklərə, Pentaqonun daxili araşdırmasına və nazirliyin bildiriş prosedurlarının təftişinə səbəb olub.

Forum

XS
SM
MD
LG