Accessibility links

Bir qrup QHT rəhbəri COP29 - Ədalət Mühiti Təşəbbüsü təsis edib


COP29 (Rəsmi emblem)
COP29 (Rəsmi emblem)

Fevralın 20-də Bakıda bir qrup QHT rəhbəri ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə COP29 - Ədalət Mühiti Təşəbbüsü (COP29 - Cimate of Justice Initiative) təsis edib.

Təşəbbüs qrupu Bakıda keçiriləcək dünyanın ən böyük konfranslarından olan COP29 ərəfəsində ölkədə hüquq və azadlıqların genişləndirilməsini, siyasi məhbusların azadlığa qovuşmasını məqsəd qoyub.

Təsisçilər sırasına Azad İqtisadiyyata Yardım ictimai birliyinin sədri Zöhrab İsmayıl, EcoFront təşkilatının rəhbəri Cavid Qara, Qadınların Gücləndirilməsi Mərkəzinin sədri Vəfa Rüstəm, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı daxildir.

Təsis bəyanatında deyilir ki, Azərbaycan üzun illərdir siyasi və vətəndaş azadlıqları baxımından Avropanın ən problemli ölkələrindən biridir.

"COP29 kimi möhtəşəm bir qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycanda vətəndaş hüquqları və ətraf mühitlə bağlı çoxsaylı problemlər var. Bu problemlər sırasına siyasi motivli həbslər, vətəndaş cəmiyyəti mühitinin daralması, məişət zorakılığı, korrupsiya, ətraf mühitin, xüsusilə də Abşeron yarımadasının neftlə çirklənməsi və su ehtiyatlarının azalmasına qarşı hökumətin fəaliyyətinin səmərəsizliyi və koronovirus pandemiyası bitdikdən sonra heç bir əsas olmadan quru sərhədlərin vətəndaşlar üçün bağlı saxlanmasını aid etmək olar", sənəddə qeyd edilir.

COP29 - Ədalət Mühiti Təşəbbüsü yuxarıda sadalanan məsələlərin həlli üçün imkanlarını birləşdirərək analitik, vəkillik və əməkdaşlıq tədbirlərini həyata keçirməyi qərara alıb.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə deyib ki, təşəbbüsü təsis efrməkdə əsas məqsəd Azərbaycanın beynəlxalq ictimaiyyətin yaddaşında müsbət obrazda qalması üçün addımların atılmasına nail olmaqdır.

"Biz istəyirik ki, bu tədbirə daha çox turist gəlsin. Bunun üçün ölkənin quru sərhədləri açılmalıdır. Biz beynəlxalq və yerli ictimiayyətin, həmçinin siyasi hakimiyyətin diqqətinə çatdırmaq istəyirik ki, ölkədə insan hüquqları və azadlıqları, o cümlədən söz və mətbuat azadlığı sahəsində, ətraf mühit və ekologiya ilə bağlı müsbət addımlar atılmalıdır. Siyasi məhbuslar, o cümlədən jurnalistlər azadlığa buraxılmalıdır. Mesajımız budur ki, belə böyük tədbir keçirməyə qadir olan ölkəmiz beynəlxalq ictimaiyyətin yaddaşında müsbət obrazda qalsın", o qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

Konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Konfransın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

Forum

XS
SM
MD
LG