ABŞ qanunvericiləri Amerikanın biotexnologiya sahəsində Çinlə rəqabət apara bilmədiyi barədə həyəcan təbili çalır, ABŞ-ın milli təhlükəsizliyi və kommersiya maraqları üçün risklər barədə xəbərdarlıq edirlər. Lakin iki ölkənin rəqabəti biotexnologiya sənayesində genişləndikcə, bəziləri Çin şirkətlərinin bağlanmasının yalnız ABŞ-a zərər verəcəyini deyir.
Biotexnologiya gündəlik həyatda inqilabi dəyişikliklər vəd edir. Alimlər və tədqiqatçılar ondan tibbi müalicə, kənd təsərrüfatında gen mühəndisliyi və yeni biomateriallarda sürətli irəliləyişlər əldə etmək üçün istifadə edir. Potensialına görə bu, həm Çin, həm də ABŞ hökumətlərinin diqqətini çəkir.
Nümayəndələr Palatası və Senatda "narahatlıq doğuran xarici rəqib biotexnoloji şirkətlərin" federal maliyyələşdirilən tibbi təminatçılarla iş görməsini qadağan edən qanun layihələri təqdim edilib. Qanun layihələrində Çinə məxsus dörd şirkətin adı çəkilir.
Çin səfirliyi qanun layihələrinin arxasında duranların "ideoloji baxımdan qərəzli" olduğunu və Çin şirkətlərini "yalan bəhanələrlə" sıxışdırmağa çalışdıqlarını bildirir. Səfirlik Çin şirkətlərinə “açıq, ədalətli və ayrı-seçkilikdən kənar münasibət” verilməsini tələb edir.
Biden administrasiyası ticarət müharibəsi, COVID-19 pandemiyası, kibertəhlükəsizlik və Cənubi Çin dənizində militarizasiya da daxil olmaqla, bir sıra məsələlər səbəbindən zədələnmiş qeyri-sabit ABŞ-Çin münasibətlərini sabitləşdirməyə çalışarkən biotexnologiya ilə bağlı müzakirələr gedir.
Qanunvericiliyin tənqidçiləri xəbərdarlıq edir ki, Çin şirkətlərinə qoyulan məhdudiyyətlər daha böyük fayda gətirə biləcək irəliləyişlərə mane olacaq. Lakin tərəfdarlar qanunun ABŞ-ın maraqlarını qorumaq üçün çox vacib olduğunu deyirlər.
ABŞ Senatı tərəfindən sənayeni nəzərdən keçirmək üçün yaradılan İnkişaf etməkdə olan Biotexnologiyalar üzrə Milli Təhlükəsizlik Komissiyası qanun layihəsinin federal hökumətin və Amerika vətəndaşlarının məlumatlarının təhlükəsizliyinə kömək edəcəyini və Çin şirkətlərinin haqsız rəqabətinə mane olacağını bildirib. Komissiya xəbərdarlıq edib ki, biotexnologiyada irəliləyiş təkcə iqtisadi fayda ilə deyil, həm də hərbi imkanlarda sürətli dəyişikliklərlə nəticələnə bilər.
Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin biotexnologiyanı kritik milli maraq hesab edir.
Bayden administrasiyası sağlamlıq, iqlim dəyişikliyi, enerji, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və təchizat zəncirinin davamlılığı üçün vacib olan biotexnologiya və bioistehsalın inkişafı üçün " hökumət yanaşması" irəli sürüb.
Çin hökuməti biotexnologiyada irəliləyişlər etmək və Çinə ilk növbədə, ABŞ-dan “texnoloji müstəqilliyə” nail olmaqda kömək etmək vəzifəsi daşıyan “milli strateji texnologiya qüvvəsi” inkişaf etdirmək planlarına malikdir.
Nümayəndələr Palatasının və Senatın qanun layihələrində adı çəkilən Çinin əsas biotexnoloji şirkəti olan BGI hökumət tərəfindən subsidiyalaşdırılan və güzəştlər alan şirkət kimi təsvir edilir.
ABŞ-ın Müdafiə Nazirliyi BGI şirkətini Çinin hərbi şirkəi kimi siyahıya salıb. Ticarət Departamenti isə BGI texnologiyasının müşahidəyə töhfə verə biləcəyi riskini əsas gətirərək, insan hüquqlarını əsas gətirərək onu qara siyahıya salıb.
BGI iddiaları rədd edib.
İnkişaf etməkdə olan Biotexnologiya üzrə Milli Təhlükəsizlik Komissiyası BGI ilə bağlı narahatlıqlarını ifadə edərək, şirkətin Çin hökuməti ilə məlumatları paylaşmasının tələb olunduğunu, Çin ordusu ilə əməkdaşlıq etdiyini və Çin dövlətindən xeyli maliyyə və dəstək aldığını bildirib.
Forum