Accessibility links

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Bakıya gəlib


Syu Biniaz və Mark Libbi (Mənbə: ABŞ səfirliyi)
Syu Biniaz və Mark Libbi (Mənbə: ABŞ səfirliyi)

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, o, noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

Azərbaycana səfər zamanı Syu Biniaz, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçiriləcək tədbirdə çıxış edəcək.

Xatırladaq ki, bundan öncə fevralın 20-də Vaşinqtonda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk, ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt, ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb.

Görüşlərdə COP29-a ev sahibliyi dövründə Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidi, iqlim maliyyələşməsi üzrə prosesə mümkün töhfələri, metan emissiyalarının azaldılması ilə bağlı siyasət və planlarına dair fikir mübadiləsi aparılıb.

Enerji təhlükəsizliyi və iqlim hədəflərinin uzlaşdırılması məqsədilə Azərbaycan-ABŞ əməkdaşlıq dialoqunun aparılması razılaşdırılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

Konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Konfransın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

Forum

XS
SM
MD
LG