Böyük Yeddilik Qrupu (G7) ölkələri Rusiyanı "təcavüz müharibəsini dərhal dayandırmağa və silahlı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmağa" çağıran birgə bəyanat yayıb.
“Biz Rusiya üçün müharibə xərclərini artırmağa, onun gəlir mənbələrini azaltmağa və müharibə maşını yaratmaq səylərinə mane olmağa davam edəcəyik. Biz Rusiyanın enerji və digər əmtəə gəlirlərinə əhəmiyyətli təzyiq göstərməyə davam edəcəyik və neft qiymətlərinin hədlərinə riayət olunmasını və tətbiqini gücləndirmək üçün addımlar atacağıq”, blokun bəyanatında deyilir.
G7 həmçinin Rusiyaya “rus silahlarının istehsalına və ya hərbi-sənaye kompleksinin inkişafına töhfə verən” müxtəlif avadanlıqlar əldə etməyə kömək edənlərə qarşı sanksiyalar tətbiq edəcəyini vəd edib.
Bəyanatda qeyd edilir ki, Rusiya Ukraynaya döyüşlərdən dəyən zərəri kompensasiya edənə qədər Rusiyanın aktivləri G7 ölkələrində dondurulmuş vəziyyətdə qalacaq. G7-yə üzv ölkələr həmçinin “beynəlxalq hüquqa uyğun olaraq” Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin mümkün yollarını araşdırmaqda davam edəcəklərini bildiriblər.
G7 ölkələri də münaqişə bitdikdən sonra Ukraynanın bərpasına yardım və ölkə iqtisadiyyatına özəl sərmayələri cəlb etmək niyyətlərini açıqlayıblar.
G7 öz bəyanatında həmçinin Rusiyanı Aleksey Navalnının həbsxanada ölümünün şərtlərini “tam aydınlaşdırmağa”, Rusiya həbsxanalarından bütün haqsız yerə həbs edilən məhbusları azad etməyə və ölkədə siyasi müxalifəti təqib etməyi dayandırmağa çağırıb.
Forum