Accessibility links

Azərbaycanda Xocalı faciəsinin qurbanlarının xatirəsi anılır


Xocalı abidəsi
Xocalı abidəsi

Azərbaycanda Xocalı faciəsinin 32-ci ildönümündə dövlət rəsmiləri, parlament deputatları, müxalifət partiyaları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və həlak olanların xatirəsini yad ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı şəhərində "Xocalı soyqırımı" memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda memorialın təməlini qoyub (Mənbə: Prezident Administrasiyası)
Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda memorialın təməlini qoyub (Mənbə: Prezident Administrasiyası)

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixinin qaranlıq səhifələrindən biridir.

"Bu yalnız bizim xalqımıza qarşı törədilən cinayət deyil, bu insanlıq əleyhinə bir cinayətdir. Çox təəssüf ki, düz 10 ildir ki, biz Xocalı qurbanlarını anmağa gələndə Azərbaycan hakimiyyətinin müxtəlif təxribatları ilə rastlaşırıq," Kərimli bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Xocalı qurbanlarını yad edir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Xocalı qurbanlarını yad edir

Ziyarət zamanı "Ana harayı" hekəlinin yaxınlığında AXCP-nın üzvləri ilə iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləri arasında insident yaşanıb. Belə ki, YAP üzvləri partiya bayraqları ilə AXCP üzvlərinin ziyarətinə müdaxilə ediblər.

Polislər AXCP fəalı Baba Süleymanovu saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə deyib ki, Baba Süleymanov tədbir iştirakçılarının birinin müraciəti əsasında saxlanılıb və sonra sərbəst buraxılıb.

Müsavat Partiyasının üzvləri Xocalı qurbanlarını anır
Müsavat Partiyasının üzvləri Xocalı qurbanlarını anır

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Xocalı şəhərində memorial kompleks tikilməlidir

"32 illik fasilədən sonra bu il ilk dəfə tamamilə erməni işğalından, qismən rus işğalından azad olunmuş Xocalı şəhərində anım tədbirləri keçirmək imkanı var və getdikcə bu imkanlar genişlənəcək," o, qeyd edib.

Xocalı faciəsinin qurbanları
Xocalı faciəsinin qurbanları

Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir ki, 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilən, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib.

“İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır”, sənəddə qeyd edilir.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev 2023-cü il fevralın 26-da bildirib ki, cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

"Cinayət işi üzrə ümumilikdə 81 minə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 28 min 500-dək şəxs zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb, 30 mindən artıq şəxs isə şahid qismində dindirilib. Həmçinin 18 mindən çox şəxs mülki iddiaçı qismində tanınıb, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən çox prosessual qərar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib".

Hərbi prokurorun sözlərinə görə, Xocalının "işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub".

Ermənistan rəsmiləri Xocalıdakı qətliamla bağlı ittihamları rədd edir və bəzi rəsmi şəxslər hadisələrin baş verməsini Azərbaycan daxilində həmin zaman siyasi çəkişmələrlə əlaqələndirib.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur,” ABŞ səfiri Mark Libbinin başsağlığında deyilir.

2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyatın adınca Azərbaycan hökuməti Xocalı şəhərinə nəzarəti bərpa edib. Hazırda həmin ərazidə minatəmizləmə və yenidənqurma işləri aparılır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG