Accessibility links

Pakistanda Şehbaz Şərif yeni Baş nazir seçilib


Pakistanın yeni seçilmiş Milli Assambleyası geniş saxtakarlıq iddiaları ilə müşayiət olunan fevral seçkilərdən sonra bazar günü Şehbaz Şərifi ölkənin yeni Baş naziri seçib.

336 yerlik parlamentin aşağı palatasının spikeri səsvermə prosesinin sonunda Şərifin tələb olunan 169 səsi keçərək 201 səs qazandığını elan edib. Onun rəqibi, həbsdə olan keçmiş Baş nazir İmran Xanın dəstəklədiyi namizəd Ömər Əyub 92 səs toplayıb.

"Şehbaz Şərif Pakistan İslam Respublikasının baş naziri seçilib", spiker Ayaz Sadiq bəyan edib.

Bəyannamə 8 fevral milli seçkilərinin Şərifin Pakistan Müsəlman Liqası-Nəvaz və ya PML-N də daxil olmaqla, hərbiyönlü partiyaları dəstəkləmək üçün ağır şəkildə saxtalaşdırıldığını iddia edən Xana sadiq qanunvericilərin yüksək etirazları ilə qarşılanıb. Xan sadiqləri onun şəkillərini qaldıraraq spikerin kürsüsünə yaxınlaşıb və Şərifi “mandat oğrusu” adlandıraraq həbsdə olan liderlərini dəstəkləyən şüarlar səsləndirib.

Xanın dəstəklədiyi namizədlər ən çox yer qazanıb, lakin PML-N və Pakistan Xalq Partiyası, PPP - ailənin nəzarətində olan iki ənənəvi hakim partiya bir neçə kiçik qrupla birlikdə koalisiya hökuməti qurmağa razılaşaraq, Şərifə qayıtmağa imkan verib.

Təhlilçilər deyir ki, seçkinin mübahisəli nəticəsi nüvə silahı olan ölkənin kritik iqtisadi problemləri, ərzaq və enerji qiymətlərinin yüksəlməsini və azalan valyuta ehtiyatlarını həll etmək üçün ehtiyac duyduğu siyasi sabitliyə olan ümidləri azaldıb.

Seçki günü və ondan sonrakı saatlarda hakimiyyət mobil xidmətləri və sosial media platformalarına girişi bloklayıb. Seçkilərin nəticələrinin açıqlanmasında qeyri-adi gecikmə olub.

Bütün bu tədbirlər dövlətin PTI tərəfdarlarının seçki kabinələrinə daxil olmasını çətinləşdirməyə və yekun nəticələri manipulyasiya etməyə çalışması ilə bağlı ittihamlara səbəb olub.

Şərif bazar günü qələbə nitqində Pakistanın "narahatedici borc böhranı" ilə üzləşdiyi barədə xəbərdarlıq edib və ölkəni iqtisadi çətinliklərdən çıxarmaq üçün koalisiya tərəfdaşları ilə sıx əməkdaşlıq edəcəyinə söz verib.

Yerli müstəqil seçki müşahidəçiləri, Birləşmiş Ştatlar, Britaniya və Avropa İttifaqı səsvermə zamanı pozuntularla bağlı narahatlıqlarını ifadə edərək, araşdırmaya çağırıb.

Forum

XS
SM
MD
LG