Accessibility links

ABŞ Dövlət Departamenti illik Cəsarətli Qadınlar Mükafatlarını təqdim edir


Marta Beatriz Roque Kabello
Marta Beatriz Roque Kabello

ABŞ Dövlət Departamenti bazar ertəsi Ağ Evdə keçirilən mərasimdə illik Beynəlxalq Cəsarətli Qadınlar Mükafatlarını təqdim edir.

Tədbirə ABŞ-ın Dövlət katibi Antoni Blinken və birinci xanım Cil Bayden ev sahibliyi edir.

Bu il mükafatlar Əfqanıstan, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Myanma, Kuba, Ekvador, Qambiya, İran, Yaponiya, Mərakeş, Uqanda və Nikaraquadan olan qadınlara veriləcək.

Dövlət Departamentinin məlumatına görə, mükafatlar 2007-ci ildə başlayıb və “sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılmasının müdafiəsində müstəsna cəsarət, güc və liderlik nümayiş etdirən” qadınlara təqdim edilir.

İranlı qadınların hüquq müdafiəçisi Fəribə Bəluç də mərasimdə mükafatlandırılan 13 qadın arasında olacaq.

2007-ci ilin mart ayından etibarən Dövlət Departamenti 90 ölkədən 190-dan çox qadını bu mükafata layiq görüb.

2023-cü il martın 8-də keçirilən Beynəlxalq Cəsarətli Qadınlar Mükafat mərasimi zamanı Madlen Olbrayt Fəxri Qrup Mükafatı İranın qadın və qız etirazçılarına təqdim edilib.

Bu il təltif olunanlar arasında ötən il azad edilmiş siyasi məhbuslar qrupunun bir hissəsi kimi Nikaraquadan doqquz qadın da var.

Dövlət Departamenti fəalların “repressiv rejim altında demokratiya və insan haqları uğrunda mübarizəni davam etdirdiklərini” bildirib.

Banqladeşli Fəvziyə Kərim Firoze marjinal qrupların hüquqları uğrunda mübarizə aparan Ali Məhkəmənin vəkili kimi fəaliyyətinə görə mükafatlandırılır.

Bosniya və Herseqovinadan Ajna Yusiç müharibə zamanı zorlama nəticəsində doğulan uşaqlar naminə gördüyü işin şərəfinə seçilib.

Kubadan olan Marta Beatriz Roque Kabello ölkəsində insan haqları və dini azadlıq hərəkatlarına rəhbərlik etdiyinə görə tanınır. Aqater Atuhaire Uqandada insan haqları və qanunun aliliyini təşviq etmək işinə görə mükafatlandırılır.

Forum

XS
SM
MD
LG