BMT-nin Atom Enerjisi Agentliyinin direktoru bildirib ki, o, Ukraynada nüvə təhlükəsizliyi məsələsini müzakirə etmək üçün Rusiya rəsmiləri ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün çərşənbə axşamı Moskvaya getməlidir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu barədə məlumatı bazar ertəsi agentliyin 35 ölkədən ibarət idarəçilər şurasının Vyanada keçirilən növbəti iclasının birinci günü verib.
Kreml səfərlə bağlı məlumatı hələ təsdiqləməyib.
Qrossi Ukraynanın cənub-şərqində yerləşən Zaporijye Atom Elektrik Stansiyasına istinad edərək, “vəziyyət çox kövrək qalmaqda davam edir” deyib. Onun sözlərinə görə, Avropanın ən böyük nüvə stansiyasının təhlükəsizliyi “beynəlxalq sülh və təhlükəsizlik baxımından çox böyük əhəmiyyətə malikdir”.
Qrossi qarşıdakı səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu, lakin ev sahibi kimi Moskvanın danışıqları rəsmən təsdiqləməsini gözlədiyini bildirib. Qrossi Putinlə sonuncu dəfə 2022-ci ilin oktyabrında görüşüb.
Qrossi fevral ayında Ukraynaya səfər edib. O, agentliyinin davam edən müharibə şəraitində nüvə fəlakətinin qarşısını almaq səylərinin bir hissəsi olaraq Zaporijye Atom Elektrik Stansiyasına şəxsən baş çəkmək üçün cəbhə xəttini keçib. Qrossi Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb.
O, Vyanada jurnalistlərə deyib ki, hər iki tərəflə dialoqun davam etdirilməsini vacib hesab edir. Qrossinin dediyinə görə, o, Moskvada “zavodun gələcək istismar vəziyyəti” ilə bağlı “texniki məsələləri” müzakirə edəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru həmçinin bildirib ki, altı bloklu Zaporijye Atom Elektrik Stansiyasının yenidən işə salınması üçün “nə cür təhlükəsizlik qiymətləndirməsinin” aparılacağını müzakirə etməli olacaq.
O deyib ki, xarici elektrik təchizatı xətləri məsələsi barədə də danışmalıdır. BAEA potensial nüvə fəlakəti qorxusu fonunda Zaporijye obyekti ilə bağlı dəfələrlə həyəcan təbili çalıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxiləyə başladıqdan və qısa müddət sonra obyekti ələ keçirdikdən sonra zavod dəfələrlə çarpaz atəşə tutulub. Stansiyanın altı reaktoru aylardır bağlanıb, lakin onun hələ də mühüm soyutma sistemlərini və digər təhlükəsizlik xüsusiyyətlərini idarə etmək üçün gücə və ixtisaslı işçilərə ehtiyacı var.
Müharibənin başlanmasından bəri zavod səkkiz sahə xaricində enerji itkisinə məruz qalıb, bu da onu müvəqqəti olaraq təcili dizel generatorlarına etibar etməyə məcbur edib. Eyni zamanda işçi heyəti ilə bağlı çətinliklərlər də davam edir.
Forum