Accessibility links

Beynəlxalq Qadınlar Günündə Azərbaycanın İstanbul Konvensiyasına qoşulmaq çağırışı gündəmdədir


Bakıda "8 Marş - Yaşamaq istəyirik" şüarı ilə yürüş keçirilir.
Bakıda "8 Marş - Yaşamaq istəyirik" şüarı ilə yürüş keçirilir.

8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Azərbaycanda Beynəlxalq Qadınlar Günü dövlət bayramları sırasındadır, ölkədə iş günü deyil.

Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycanın bir sıra hüquq müdafiəçiləri, qadın hüquqları fəalları, ekspertləri ölkədə qadınların bir çox problemlər və məsələlərlə üzləşməsindən narahatdır.

Belə ki, qadınlara qarşı psixoloji, iqtisadi, fiziki və cinsi zorakılıqdır ki, Azərbaycanda kifayət qədər yayılıbdır.

20 ildən artıqdır ki, gender problemləri ilə bağlı çalışan “Rasional İnkişaf Uğrunda” qadınlar cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə deyib ki, ən çox yayılmış məsələlərdən biri qadınlara qarşı zorakılıqların davam etməsidir.

Şəhla İsmayıl: Ən çox yayılmış məsələlərdən biri qadınlara qarşı bütün növ zorakılıqların olmasıdır
please wait

No media source currently available

0:00 0:02:17 0:00
Direct link

“Artıq kiberzorakılıqlar da artmaqdadır. Bu gün Azərbaycan qadını məşğulluqla da bağlı çətinliklər yaşamaqdadır. Belə ki, qadınlar işləmək üçün yetərincə imkanları olmayan, bilik və bacarıqları olmayan, ümumiyyətlə əmək bazarına daxil olmaq üçün lazımi məlumatı olmayan bir vəziyyətdədir. Həmçinin sahibkarlıq fəaliyyətinin inkişafı üçün də yetərincə imkanlar yoxdur. Mikro-kreditlərin ayrılmasına, xüsusi imtiyazların olmasına ehtiyac var”, Şəhla İsmayıl qeyd edir.

O hesab edir ki, ümumiyyətlə qadınların hüquqları və azadlıqları barədə yetərincə məlumatlar yoxdur.

Ekspertin fikrincə, bütövlükdə bu sahədə ciddi maarifləndirməyə ehtiyac var.

“Demək istədiyim odur ki, sadaladığım bütün məsələlər Azərbaycanla bağlı beynəlxalq təşkilatların müxtəlif hesabatlarında və tövsiyyələrində öz əksini tapıb. Belə ki, ən çox 2022-ci ildə BMT-nin CEDAW komitəsinin Azərbaycana 22 sahə üzrə 85 tövsiyyə verib. Misal üçün bunlara İstanbul Konvensiyasına qoşulmaq, Milli Fəaliyyət planları, o cümlədən "Reproduktiv sağlamlıq haqqında" qanun da daxildir”.

Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, qadın hüquqlarının mükəmməl səviyyədə müdafiəsi üçün Azərbaycan hakimiyyətinin atmalı olduğu ən mühüm addım İstanbul Konvensiyasına qoşulmaq olardı.

“Çünki İstanbul Konvensiyasına qoşulmaq, bu sənəddən irəli gələn kompleks tədbirlərin ölkədə icrasını nəzərdə tutur. Ümumiyyətlə isə qadın hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ilə hökümət orqanları arasında, dövlət qurumları arasında çox ciddi sıx dialoq olmalıdır. Xüsusilə də məişət zəminində qadın qətllərinin tüğyan etdiyini nəzərə alsaq bu istiqamətdə dövlət və vətəndaş cəmiyyəti arasında sıx və davamlı dialoq olmalıdır. Vətəndaş cəmiyyətinin tələb və təkliflərini eşitməlidirlər”, Anar Məmmədli qeyd edib.

Anar Məmmədli: Azərbaycan hakimiyyətinin atmalı olduğu ən mühüm addım İstanbul Konvensiyasına qoşulmaq olardı
please wait

No media source currently available

0:00 0:01:43 0:00
Direct link

Onun sözlərinə görə, ümumiyyətlə qadın hüquqlarının məsələsi, cinsi bərabərlik məsələsi məktəb yaşlarında tədris müəssisələrindən başlanmalıdır. Bununla bağlı kompleks işlər görülməlidir.

“Azərbaycanda qadınların ictimai-siyasi həyatda iştirakı təşviq olunmalıdır. Onların təhsil və digər sahələrdə rahat karyera qurmaq məsələləri, iqtisadi asılılıqdan qurtulmaq məsələləri daim həqiqi gerçək göstərilməlidir. Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çox önəmlidir”, hüquq müdafiçisi bildirib.

Qadın hüquqları fəalı, hüquqşünas Vəfa Rüstəm isə Amerikanın Səsinə deyib ki, Azərbaycanda qadınların üzləşdiyi problem çoxdur.

“İstər iqtisadi, siyasi, hüquqi və başqa çoxsaylı problemlərlə üzləşirlər. Birincisi biz bərabərlikdən çox uzağıq. Azərbaycanda genderlər arasında bərabərlik çox-çox uzaqdadır. Bu həm iqtisadi, həm məişət zorakılığı çərçivəsində özünü göstərir. Gender zorakılığına məruz qalan qadınların müdafiəsinin yaxşı təmin olunmaması, dəstək mərkəzlərinin zəifliyi və başqa problemlər qalır. Bu problemlərin aradan qaldırılması ilə bağlı ən yaxşı və ixtisaslaşdırılmış sənəd İstanbul Konvensiyasıdır”, Vəfa Rüstəm əlavə edib.

Vəfa Rüstəm: Azərbaycanda genderlər arasında bərabərlik çox- çox uzaqdadır
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddiaları qəbul etmir, ölkədə hər hansı cinsi ayrı-seçkiliyə yol verilmədiyini, qadınların bütün hüquqlarının qorunduğunu bəyan edir, məişət zorakılığının qarşısının alınması üçün hüquqi müstəvidə işlər apardığını bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib.

Paylaşımda “8 Mart – Beynəlxalq Qadınlar Günü” sözləri yer alıb.

Istanbul Konvensiyası məişət zorakılğı və qadınlara qarşı zorakılığa qarşı mübarizə, onun qarşısının alınması sahəsində bir konvensiyadır. Bu konvensiya dünyada 2-ci konvensiyadır ki, qadın hüquqlarının qorunması üçün ixtisaslaşmış beynəlxalq sənəddir. 2011-ci il may ayının 11-də Türkiyənin İstanbul şəhərində qəbul edildiyinə görə qısaca ona İstanbul Konvensiyası deyilir. Bu konvensiyaya Avropa Şurasının demək olar ki bütün ölkələri qoşulub. Yalnız qoşulmayanlar arasında Rusiyadır, Azərbaycandır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdə ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Statistika Komitəsi bildirir ki, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir.

"Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir. Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 18,6 faizdir", məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG