Accessibility links

ABŞ konqresmeni Qubad İbadoğlunun azad edilməsinə çağırıb


Azərbaycan hökumətinin iqtisadçı alimin Qubad İbadoğlunu saxlaması üçün istifadə etdiyi ittihamlar - dini ekstremizmi dəstəkləmək üçün saxta pul əldə etmək - “o qədər şübhəli və əsassızdır ki, onları satira adlandırmaq olar.

Bunu ABŞ -ın Merilanddən olan konqresmeni Ceymi Raskin Konqresdəki çıxışında deyib.

“Cənab spiker, bu gün mən bir məsələsini qaldırmaq istəyirəm. Gəlin, mətin demokratiya fəalı, parlaq iqtisadçı, gözəl ata və həyat yoldaşı olan, ədalətsiz şəkildə 7 aydan çox həbsdə saxlanılan professor Qubad İbadoğlunun azad olunması üçün Azərbaycan hakimiyyətinə çağırış edək.

23 iyul 2023-cü ildə professor İbadoğlu və onun həyata yoldaşı Bakı yaxınlığında maskalı şəxslər tərəfindən saxlanılıb və onlara qarşı zorakılıq tətbiq olunub. London İqtisad Məktəbində çalışan İbadoğlu yenicə Azərbaycana qayıtmışdı ki, xəstə anasına baş çəksin. Onun həyat yoldaşını bir neçə saatdan sonra azad etsələr də, özünü hələ də saxta ittihamlarla həbsdə saxlayırlar”, o qeyd edib.

Konqresmen deyib ki, İbadoğlunun yeganə “cinayəti” Azərbaycandakı hazırkı rejimə qarşı olması, demokratiyaya, insan hüquq və azadlıqlarına və korrupsiyaya qarşı mübarizəyə sadiqliyidir.

“Həbsdə olduğu 7 ayda ona qarşı qeyri-insani rəftar göstərilib, həyati əhəmiyyətli dərmanlara çıxışına imkan verilməyib. Professor Qubad İbadoğlunun ailəsi onun müayinə və müalicə olunmamasından narahatdır, onun bir çox xroniki xəstəlikləri var. Bundan əlavə, o vəkilləri ilə telefon əlaqəsi yarada bilmir, həbsdə olduğu müddətdə ədalətsiz məhkəmə araşdırması ilə üz-üzə qalıb”, Ceymi Raskin bildirib.

Konqresmen onu da qeyd edib ki, İbadoğlu azadlıq və vətəndaş hüquqlarını boğmaq üçün rejim tərəfindən haqsız yerə həbs edilən “çox sayda azərbaycanlıdan biridir”.

“Mən Konqres üzv kimi ABŞ Dövlət Departamenti, ABŞ-ın Bakıdakı səfirliyi, ABŞ-ın akademik qurumları və təşkilatları, Avropa Parlamenti və beynəlxalq ictimaiyyətin digər nümayəndələri ilə birlikdə doktor İbadoğlunun və onun səhhəti ilə bağlı dərin narahatlığımı ifadə edirəm. Onun dərhal azad edilməsini tələb edirəm”, konqresmen bildirib.

“Doktor İbadoğlunun ədalətsiz həbsinə dərhal son qoyulmalıdır!” konqresmen nitqini yekunlaşdırıb.

Azərbaycan höküməti isə konqresmenin bu çıxışına münasibət bildirməyib.

Amma Azərbaycanın Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, nə Qubad İbadoğlu, nə də digər bir şəxs qanunsuz və zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə məruz qalır.

Deputatın bildirdiyinə görə, “cəmiyyətdə də heç bir siyasi fəaliyyəti ilə yadda qalmayan” İbadoğlunun qanuni əsaslarla həbsə alınması, yaxud azadlıqda qalması hakimiyyət üçün nəyisə dəyişmir.

“Bu mənada bir daha qeyd edilməlidir ki, İbadoğlunun həbsi siyasi məsələ deyil. Konkret faktlar üzrə cinayət təqibi başlanıb bu məsələ üzrə, istintaqın gedişində də dövlətin adiyyatı sturkturların əsas hədəfi ondan ibarətdir ki, cinayət prosesində hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında bu prosesin həyata keçirilməsini təmin etsinlər”, o bildirib.

Xatırlatma

2013-cü il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG