Accessibility links

Azərbaycandakı son həbslərə və media azadlığına tənqidi baxışlar


Toplum TV-nin ofisində axtarış
Toplum TV-nin ofisində axtarış

Azərbaycanda son günlər çoxsaylı jurnalist, ictimai-siyasi xadimlərin həbsi sosial şəbəkələrdə və ictimai-siyasi mühitdə tənqidlərlə qarşılanıb.

Son həbslər

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 8-də isə Toplum TV-nin təsisçilərindən Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

AXCP (Arxiv foto)
AXCP (Arxiv foto)

AXCP: Azərbaycan hakimiyyəti sərt avtoritarizmdən totalitarizmə keçid yolu tutub

Azərbaycan Xalqı Cəbhəsi Partiyasının (AXCP) bəyanatında deyilir ki, ölkədə siyasi məhbusların sayı son bir il ərzində 2 dəfədən də çox artaraq 260 nəfərə yaxınlaşıb.

“İlham Əliyev açıq bəyan etdiyi kimi Azərbaycanı Mərkəzi Asiya dövlətinə çevirmək istəyir və buna nail olmaq üçün gördüyü işlərdən biri də ölkədə söz azadlığının qorunduğu, tənqidi fikirlərin yayıla bildiyi media quruluşlarının son qalıqlarını da məhv etməkdir. 2023-cü ilin sonlarında Abzas Mediaya, indi isə ToplumTV-yə olan inzibati basqın da məhz buna xidmət edir”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, Azərbaycan iqtidarı beynəlxalq çağırışlara və yerli müqavimət hərərkətlərinə rəğmən sərt avtoritarizmdən totalitarizmə keçid etmək yolu tutub.

“Onu bu yolda ruhlandıran hazırda işğalçı Rusiyanın dünya demokratiyasına qarşı savaş açması və avtoritar rejimləri öz himayəsinə almasıdır. İlham Əliyev sırf hakimiyyət maraqları naminə Rusiya avtoritarizminə getdikcə daha çox yaxınlaşıb, ölkəni demokratiya və sivil dünyadan təcrid etdirməkdədir. Onu bu yolda durdurmaq üçün Azərbaycan xalqı və beynəlxalq birlik daha böyük əzmlə hərəkətə keçməlidir”, sənəddə qeyd edilir.

Milli Şura mitinq keçirib (Arxiv foto. 2019-cu il, Milli Şuranın mitinqi)
Milli Şura mitinq keçirib (Arxiv foto. 2019-cu il, Milli Şuranın mitinqi)

Milli Şura: Repressiyalar rejimə arzusunda olduğu əbədi hakimiyyəti təmin etməyəcək

Milli Şuranın etiraz bəyanatında deyilir ki, ölkədəki repressiya dalğası "Toplum TV"-nin timsalında Azərbaycanda onsuz da məhv edilmiş media müstəvisində epizodik olaraq mövcud olan son nəfəslikləri qapatmaq, azad sözün son qalıntılarını cəmiyyət həyatından silmək cəhdidir.

“III Respublika Platformasının rəhbərlərinin həbsi isə Azərbaycanda ən azı media qədər acınacaqlı vəziyyətdə olan siyasi müstəvinin qorxunc gerçəklərini bariz bir şəkildə ortaya qoyur. Sözdə Respublika olan Azərbaycanda müxalif siyasi və müstəqil jurnalistika fəaliyyəti ilə məşğul olmaq cinayət sayılır. Təkcə bu iki fakt dövlətin avtoritar və artıq hətta totalitar şəkil alan mahiyyətinin gün işığına çıxması üçün yetərlidir”.

Milli Şuranın bəyan edir ki, nə Tofiq Yaqublu və Qubad İbadoğlu kimi böyük nüfuz sahibi olan siyasi liderlərin həbsi, nə "Abzas Media" və "Toplum TV" kimi müstəqil internet resurslarının məhvi, nə də hər gün daha çox vüsət alan, cəmiyyətin siyasilərdən jurnalistlərə, ictimai fəallardan inanclı insanlaradək müxtəlif kəsimlərini əhatə edən repressiyaları rejimə arzusunda olduğu əbədi hakimiyyəti təmin etməyəcək.

“XXI yüzildə Avropa siyasi və çoğrafi məkanında Şimali Koreya və Türkmənistanın üçüncü əkizini yaratmaq cəhdləri xam xəyaldır. Əgər İlham Əliyev və rejimi bu xəyala qapılaraq özünü xoşbəxt hesab edirsə, onun Rusiya-Ukrayna savaşında Putin rejiminin süqutunadək vaxtı var. Ancaq bundan sonra məğlub tiranları hansı aqibətin gözlədiyini tarixdən öyrənmək çətin deyil. Azərbaycan hakimiyyətinin bu davranışları onun özü ilə bərabər, təəssüf ki, Azərbaycan xalqına da baha başa gələ bilər. Rus irticasının yedəyində dünyaya meydan oxumaq ölkəmizin və xalqımızın perspektivləri baxımından nəinki faydalı deyil, hətta bölgəmizdəki mürəkkəb geosiyasi və qaynar hərbi reallıqları nəzərə almaqla, təhlükəlidir”, sənəddə qeyd edilir.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Insanlar öz haqlarını təslim edib təhlükəsiz yaşamaq istəyəcəksə, nəticədə onların nə haqqı olacaq, nə də təhlükəsizliyi

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov hesab edir ki, son həbslər milyardıncı dəfə sübut etdi ki, nə Qərbin, nə Şərqin, nə Şimalın, nə də Cənubun hər hansı "dərin narahatlığı" Azərbaycanda azadlığın, sərbəstliyin, insan haqlarının sahəsini genişləndirə bilməz.

“Bu sırf daxili milli işdir və bunu millət olaraq, iqtidarlı-müxalifətli ya bacaracağıq ya da yox. "Sanksiya-sanksiya" gözləntilərinə qapanıb dəyişiklik xəyalları quran sadəlövh çevrə artıq ayılsın. Azadlıq, demokratiya, insan haqları çox dəyərli nemət olduğuna görə heç bir dövlət bunları Azərbaycan xalqına həddiyyə etməyəcək. Bu nemətlərə nail olan dövlətlər bizə səmimi deyə bilər və deyir ki, "məsləhətliddir, siz də əldə edib faydalanın". Amma havayı, sanksiya gücünə kimsə sizin, mənim, onun, başqasının - hər hansı azərbaycanlının haqlarını "beynəlxalq həmrəylik" göstərib təmin etməyəcək”.

Məmmədovun fikrincə, mövcud olan yeganə və çox zəif beynəlxalq mexanizm də - Avropa Konvensiyası - insanları avtomatik müdafiə etmir.

“Gərək necəsə dirəniş göstərəsən ki, bəlkə müdafiə etdi. Məndə bu 6 il apardı”.

REAL lideri yekun olaraq bildirir: “Insanlar öz haqlarını təslim edib təhlükəsiz yaşamaq istəyəcəksə, nəticədə onların nə haqqı olacaq, nə də təhlükəsizliyi. Bu, beynəlxalq-filan seçim deyil, hər xalqın özünün etdiyi seçimdir. Səsverməyə gəlin, səsiniz oğurlansa onu hamılıqla müdafiə edək. Bəli, lap bu qədər bəsitdir hər şey”, o qeyd edib.

Millət vəkili Bəhruz Məhərrəmov
Millət vəkili Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov: Azərbaycanda media azaddır

Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, Azərbaycanda media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam şəkildə təmin olunur.

“Lakin çox təəssüflər olsun ki, ölkədə bəzi media qurumları faktiki olaraq beşinci kolon funksiyasını yerinə yetirir. Bir sıra qərb dövlətləri təsisatları ilə Azərbaycan üçün, Azərbaycanın suverenliyinə təhdid olan niyyətləri üçün alət kimi çıxış edirlər”, o belə düşünür.

Deputat hesab edir ki, Qərb Azərbaycan əleyhinə qarayaxmaları üçün Azərbaycanın yerli media strukturlarından istifadə edir.

“Əlbəttə sırf bu məqsədlər üçün formalaşdırılmış adı çəkilən media təsisatlarının əksəriyyəti uzun müddət idi ki, adı çəkilən azad media prinsipləri ilə pərdələnərək təxribatçılıqla məşğul idilər. Lakin Azərbaycan dövləti qarayaxma kampaniyalarına təmkinlə yanaşıb. Təxribatçılıqla məşğul olsalar belə yerli mediada yaradıcı münasibətə heç vaxt müdaxiə etməyib. Amma milli təhlükəsizlik məsələləri bir dövlət üçün prioritetdir və o cümlədən də Azərbaycanın fiziki sərhədlərini aşa bilməyənlərin daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyinə təhdidə təbii ki, imkan verməzdi. Bu baxımdan ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat axtarış tədbirləri heç bir formada media azadlığı kontekstində qiymətlənditilə bilməz. Hüquq mühafiə orqanları səhihliyi şübhə doğurmayan faktlara və təkzibediləmz dəlillərə əsaslanan aidiyyatı tədbirlər həyata keçiriblər. Bizim məqsədimiz şəxsiyyəti, cəmiyyəti, dövləti cinayətkar dəstədən qorumaqdır. Son addımlar da ona yönəlib ki, əməllərinin cinayət olub-olmadığı müəyyən olunsun”.

Məhərrəmli hesab edir ki, cinayət təqibləri tam hərtərəfli və obyektiv şəkildə apaılır.

“Əlbəttə bu tip media qurumları daha çox qərbin aləti kimi formalaşdırıldığı üçün onlar barəsində görülən hüquqi tədbirlər qərbin qeyri adekvat reaksiyaları ilə müşahidə olunur. Mediaanın guya təzyiqlərə məruz qalması mövzusunda anti Azərbaycan kampaniyaya başlayıblar. İndi özlərinə bir sual verməlidirlər. Bütövlükdə Toplum TV-nin fəaliyyəti ilə bağlı əvvəllər hər hansı məlumata malik idilər? Aydındır ki, verilən reaksiyalar öncədən hazırlanan və anti Azərbaycan kampaniyasının tezislərinin bir hissəsidir. Biz bu proseslərdən agahıq. Qərbin riyakar oyunları və saxta ssenariləri bizi yolumuzdan döndərə bilməz”, Milli Məclisin deputatı qeyd edib.

Osman Gündüz
Osman Gündüz

Osman Gündüz: Ələsgər Məmmədlinin qanun pozuntusuna yol verəcəyi ağlasığmazdır

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazır ki, peşəkar hüquqşünas olan, ölkədə medianın və internetin inkişafında xidmətləri olan Ələsgər Məmmədli peşəkar tənqidçi olmaqla bərabər həm də vətənpərvərdir, dövləti və dövlətçiliyi həmişə öndə tutmağı bacarır.

“Düşünürəm ki, onun hansısa bir qanun pozuntusuna yol verəcəyi ağlasığmazdır. Bildiyim qədər son zamanlar həm də xəstəlikləri ilə bağlı müalicə alırdı, səhhətində ciddi problemləri olduğu bildirilir. Ümid edirəm onunla bağlı araşdırmalar həbs qəti imkan tədbiri olmadan aparılar.

İnanmaq istərdim ki, ölkəmiz və cəmiyyətimiz üçün çox faydalı olan Ələsgər bəylə bağlı ədalətli araşdırmalar aparılacaq və tezliklə sərbəst buraxılacaq”, o Facebook səhifəsində qeyd edib.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Qulu Məhərrəmli: Toplum TV-yə hücumlar söz və mətbuat azadlığına ciddi zərbədir

Professor Qulu Məhərrəmli bildirir ki, cəmiyyətdə ictimai davranışı, dürüstlüyü, intellekti, hüquqi istedadı, nüfuzu və ləyaqəti ilə yaxşı tanınan, media hüququ üzrə tək-tük mütəxəssislərdən olan Ələsgər Məmmədlinin əcaib formada həbsi, evində axtarış aparılması, ona qarşı hansısa qanunu pozmaq ittihamının irəli sürülməsi absurddur.

“Ələsgər bəyin təsisçisi olduğu Toplum TV-yə hücumlar isə ölkədə söz və mətbuat azadlığına ciddi zərbədir. Belə addımlar yalnız Azərbaycanın əleyhdarlarını və bir də xaricdəki “söyüş mediası”nı stimullaşdıra bilər”, o qeyd edib.

Forum

Mövzuya uyğun

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG