Accessibility links

Ələsgər Məmmədlinin həbsindən apellyasiya şikayəti verilib


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Martın 11-də Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin həbsindən apellyasiya şikayəti verilib.

Vəkil Aqil Layıc bildirib, müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin Məmmədli barədə iqtintaq dövrü üçün seçdiyi 4 aylıq həbs qətiimkan tədbiri qərarının ləğvini xahiş edib.

“Ələsgər Məmmədlinin qaçaqmalçılıq ittihamı ilə həbsdə saxlanması üçün heç bir maddi və prosessual əsas yoxdur”, vəkil qeyd edib.

Vəkil həmçinin deyib ki, Məmmədlinin səhhətində ciddi problemlər var.

“Onun bədənində şiş var. Belə problemi olan şəxslər nəinki həbs edilmir, hətta cəzalarını çəkməkdən azad edilir”, o qeyd edib.

Layıc deyib ki, Cinayət Məcəlləsinin 206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilən Demokratik Təşəbbüslər İnstitutu və Respublika III Platformasının üzvü Ruslan İzzətlinin həbsindən də apellyasiya şikayəti veriləcək.

Məmmədli və İzzətli martın 8-də saxlanılıb. Bundan əvvəl, martın 6-da Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-i barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.

Həbs olunanların barəsində apellyasiya şikayəti verilib.

Forum

XS
SM
MD
LG