Accessibility links

Avstraliyanın icma liderləri ukraynalılara ölkədə daimi qalmaq üçün müraciət etmələrinə icazə verməyə çağırır


Avstraliyanın icma liderləri Kanberra hökumətini məcburi köçkün ukraynalılara ölkədə daimi qalmaq üçün müraciət etmələrinə icazə verməyə çağırır.

Ukrayna müharibəsindən qaçan minlərlə insan üçün müvəqqəti humanitar vizaların müddəti gələn il başa çatır. Rusiyanın 2022-ci ilin fevralında işğalından sonra ziyarətçi icazəsi də daxil olmaqla, müxtəlif növ Avstraliya vizası ilə 11 mindən çox ukraynalı Avstraliyaya sığınıb.

Avstraliya hökumətinin 2022-ci ilin aprelindən iyul ayına qədər davam edən xüsusi proqramı çərçivəsində təxminən 3790 ukraynalıya üç illik müvəqqəti humanitar vizalar verilib. Humanitar vizaların müddəti gələn il başa çatır.

Hökumət bu cür immiqrasiya icazəsi olan köçkün ukraynalıların ixtisas, ailə, tələbə və ziyarətçi vizası proqramlarına müraciət etməklə qalmalarına icazə verilə biləcəyini bildirib.

İcma qrupları deyirlər ki, bəzi köçkün ukraynalılar ərizəçinin yaş həddi, xaricdəki ixtisasların tanınmaması və məhdud ingilis dili bilikləri kimi maneələrə görə daimi viza almaqda çətinlik çəkə bilər. Bəzi vizalar üçün müraciət edənlərdən 45 yaşdan kiçik olmaları və Avstraliyada mühasiblər, pilotlar və mühəndislər kimi çatışmayan peşələrdə müvafiq təcrübə və ixtisaslara malik olmaları tələb olunur.

Avstraliyanın Daxili İşlər Nazirliyi verdiyi açıqlamada "Ukrayna vətəndaşlarının, xüsusən də Avstraliya ilə əlaqəsi olanlar üçün prioritet olaraq viza müraciətlərinə baxıldığını" bəyan edib. Nazirlik əlavə edib ki, Ukrayna vətəndaşları “immiqrasiya statusu həll olunana qədər Avstraliyada qanuni şəkildə qalmağa” imkan verən körpü vizası üçün müraciət edə bilərlər.

Avstraliya Kyivi raket və zirehli personal daşıyıcıları ilə təmin edərək Ukraynanın müharibə səylərinə NATO-dan kənar ən böyük töhfə verən ölkələrdən biridir.

Hökumət həmçinin prezident Vladimir Putin, hərbi komandirlər və iş adamları da daxil olmaqla, yüzlərlə rusiyalı siyasətçiyə sanksiya tətbiq edib. Bunlar Avstraliyanın başqa bir ölkəyə tətbiq etdiyi ən böyük cəzalardır.

Bundan əlavə, Kanberra Rusiyadan neft, kömür və qaz idxalına qadağa qoyub.

Forum

XS
SM
MD
LG