Accessibility links

Ağ Ev: Ukraynanın Moskva konsert zalındakı terror aksiyası ilə heç bir əlaqəsi yoxdur


Ağ Ev bazar günü bildirib ki, Ukraynanın Moskva konsert zalında azı 137 nəfərin ölümü ilə nəticələnən terror aksiyası ilə heç bir əlaqəsi yoxdur.

Şərhlər bazar günü Vladimir Putinin hücumun Ukrayna ilə əlaqəli olduğunu deməsindən sonra verilib.

“Bu hücuma görə yalnız İŞİD (İslam Dövləti) məsuliyyət daşıyır. Ukraynanın heç bir iştirakı olmayıb”, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uatson bildirib.

Hücumun məsuliyyətini İD qruplaşması üzərinə götürüb.

Vitse-prezident Kamala Harris bazar günü yayımlanan ABC News-a müsahibəsində bildirib ki, insidentdə Ukraynanın əli olduğuna dair heç bir dəlil yoxdur. Harris qeyd edib ki, bir sıra əlamətlərə əsasən, İŞİD-in Əfqanıstan və Pakistandakı qolu olan İS-Xorasan hadisəyə görə məsuliyyət daşıyır.

Ötən cümə axşamı Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a kamuflyaj geyimli silahlı şəxslər daxil olaraq binanı yandırıb. Şənbə günü İslam Dövləti qrupu Telegram-da yazıb ki, hücum "İslama qarşı mübarizə aparan ölkələr" ilə "qırğın müharibə" şəraitində "pulemyot, tapança, bıçaq və odlu bombalarla silahlanmış dörd İD yaraqlısı tərəfindən həyata keçirilib".

SITE kəşfiyyat qrupunun məlumatına görə, silahlılar tərəfindən lentə alındığı güman edilən video İD-nin adətən istifadə etdiyi sosial media hesablarına yerləşdirilib.

Putin “barbar terror aktının” arxasında duranları cəzalandıracağına söz versə də, hadisə ilə bağlı yeganə açıqlamada İŞİD-in hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünə dair heç bir şey deməyib. Əvəzində o, Ukraynaya qaçmağa cəhd edən 4 nəfərin həbs edildiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Putin başına gələnlərə görə günahı Ukraynanın üstünə atmağa çalışır.

İD-Xorasan 2015-ci ildə Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində yaranmış və Hindistan, İran və Mərkəzi Asiyanı əhatə edən “xilafət” yaratmağa çalışan silahlı sünni qruplaşmasıdır.

Qrup Əfqanıstan və Pakistanda onlarla terror aktı həyata keçirib.

Təhlilçilərin fikrincə, qruplaşmanı özlərinə düşmən hesab edən Talibanın hakimiyyəti dövründə onun Əfqanıstan daxilində effektivliyi azalıb, lakin son aylar digər bölgələrdə fəaliyyəti gücləndirib.

Forum

XS
SM
MD
LG