Accessibility links

Makron: Moskva vilayətindəki terror aksiyası İD-dən qaynaqlanıb. Ukraynanı ittiham etmək "qeyri-qanuni və əks- məhsuldardır"


Fransa prezidenti Emmanuel Makron bazar ertəsi bildirib ki, Fransa və digər ölkələrin əldə etdiyi kəşfiyyat məlumatlarına görə, Crocus City Hall hücumu İslam Dövləti qolu İD-Xorasandan qaynaqlanıb.

Makron jurnalistlərə deyib: "Bizdə olan məlumatlar... eləcə də əsas tərəfdaşlarımız bu hücumu təhrik edən təşkilatın həqiqətən də İslam Dövlətinin qolu olduğunu göstərir".

Fransa prezidenti Fransa Qvianasına səfəri zamanı deyib: "Bu qrup həm də ölkəmizin ərazisində bir sıra aksiyalar həyata keçirməyə cəhd edib".

Fransa bazar günü Moskvada baş verən silahlı hücumdan sonra terror təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Makron vurğulayıb ki, terror aktında Ukraynanı günahlandırmağa çalışmaq "qeyri-qanuni və əks məhsuldar" olacaq. Düşünürəm ki, bu kontekstdən istifadə edərək onu Ukraynaya qarşı yönəltməyə çalışmaq Rusiyanın özü və vətəndaşlarının təhlükəsizliyi üçün qeyri-məhsuldar olardı.

ABŞ daha əvvəl bildirmişdi ki, kəşfiyyat məlumatlarına görə, 137 nəfərin ölümü ilə nəticələnən Moskva yaxınlığındakı konsert salonuna hücuma görə İD məsuliyyət daşıyır.

Bu arada Moskva baş verənlərə görə Ukraynanın günahkar olduğunu iddia etməkdə davam edir. Vladimir Putin hücumla bağlı silahlı islamçı qruplaşmanın adını açıq şəkildə qeyd etməyib.

Hücum Rusiyada son iyirmi ildə baş vermiş ən qanlı terror aktı olub, dörd nəfər cümə günü axşam sovet rok qrupu Picnic-in konserti zamanı Crocus City Hall-a girərək atəş açıb.

Bu gün mövcud olan rəsmi məlumatlara görə, 137 nəfər ölüb. 182 nəfər yaralanıb. Hücumun məsuliyyətini İslam Dövləti üzərinə götürüb, ABŞ isə məlumatı açıq şəkildə təsdiqləyib.

ABŞ rəsmiləri Rusiyanı bu ayın əvvəlində gözlənilən hücumla bağlı kəşfiyyat məlumatı ilə xəbərdar etdiklərini bildiriblər.

Dörd nəfər terrorçuluq ittihamı ilə nəzarətə götürülüb və Moskvanın Basmannı rayon məhkəməsi qarşısına çıxarılıb. Rusiya məhkəmə orqanlarının məlumatına görə, bunlar Dalerjon Mirzoev, Saidakrami Raçabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzovdur.

Rusiya dövlət mediası onların hamısının Tacikistan vətəndaşı olduğunu bildirib. Məhkəmədən bildirilib ki, onlardan ikisi günahını etiraf edib.

Putin iddia edib ki, "Ukrayna tərəfində" bəzi adamlar silahlıları sərhəddən keçirməyə hazır olub Ukrayna hücumda əli olduğu iddialarını qətiyyətlə rədd edir.

Ukrayna prezidenti Vladimir Zelenski Putini baş verənlərə görə Kyivi günahlandırmağa çalışmaqda ittiham edib.

Makron bildirib ki, Moskvadakı hücuma görə məsuliyyəti üzərinə götürən İD qruplaşması Fransada da terror aktları törətməyə cəhd edib.

"Biz günahkarları mümkün qədər tez tapmaq və bir neçə ölkəni hədəf alan bu qruplarla effektiv mübarizəni davam etdirmək üçün Rusiya (kəşfiyyat) xidmətləri və regiondakı tərəfdaşlarımızla əməkdaşlığı genişləndirməyi təklif etmişik", Makron əlavə edib.

Söhbət Putinlə birbaşa danışıqlardan deyil, "texniki və nazirlər səviyyəsində" təmaslardan gedir.

Forum

XS
SM
MD
LG