Accessibility links

ABŞ və Azərbaycan Ermənistan, ABŞ və Avropa Komissiyasının rəsmilərinin gözlənilən görüşünə münasibət bildirib


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

"ABŞ-ın Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller martın 26-da ənənəvi brifinqdə aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen arasında keçiriləcək görüşlə bağlı sualın cavabında bildirib.

"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", Miller qeyd edib.

Bu ilin martında ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanda və Azərbaycanda olub. Görüşlər zamanı regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlama verib. Onun bildirdiyinə görə, "Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır".

"Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", o bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, "Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər".

"Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq", Ayxan Hacızadə qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçən həftə “Armenress” agentliyinə aprelin 5-də Brüsseldə Aİ, ABŞ və Ermənistan arasında planlaşdırılan görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektlərinin müzakirə olunacağının gözlənildiyini bildirib. Armen Qriqoryan danışıqların Ermənistanın müqavimətinin gücləndirilməsi məqsədi daşıdığını deyib və yaxın gələcəkdə görüşlə bağlı daha ətraflı danışmaq imkanı olacağını qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG