Accessibility links

BMT Rusiyanı Ukraynada insan haqlarını pozmaqda ittiham edir


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiyanı Ukraynaya qarşı müharibəsində beynəlxalq insan haqları və humanitar qanunları ciddi şəkildə pozmaqda ittiham edib.

OHCHR-in yeni hesabatında Rusiyanın silahlı hücumu və Ukrayna ərazilərinin işğalının kritik vəziyyətinə qlobal diqqətin azaldığı bir vaxt Ukrayna və onun əhalisi üçün uzunmüddətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edilir.

BMT-nin insan haqları üzrə ali komissarı Volker Turk çərşənbə axşamı vəziyyəti çox ciddi qiymətləndirərək, BMT İnsan Haqları Şurasına deyib: “Rusiya Federasiyasının ölkəyə genişmiqyaslı silahlı hücumuna başlamasından artıq iki ildən çox vaxt keçir. İki il böyük əzab, qan, itki və kədər. Saysız-hesabsız ailələr ayrı düşüb”.

O qeyd edib ki, 10 500-dən çox dinc sakin həlak olub, 20 000-dən çox insan yaralanıb.

"Həqiqi rəqəmlər çox güman ki, xeyli yüksəkdir" - deyə, o əlavə edib.

2023-cü il dekabrın 1-dən fevralın 29-na qədər olan dövrü əhatə edən hesabatda deyilir ki, müharibə “Rusiya silahlı qüvvələrinin Ukraynanın hər yerində atdığı raketlər və sursatlar” vasitəsilə irimiqyaslı hücumlarda mülki əhaliyə dağıdıcı ziyan vurmağa davam edir. Onun sözlərinə görə, bu, mülki itkilərin sayının artmasına səbəb olur və 2023-cü il ərzində mülki itkilərin ümumi azalma tendensiyasını geri qaytarır.

Hesabatda deyilir ki, bu il Rusiyanın Krım yarımadasını qeyri-qanuni ilhaq etməsindən 10 il ötür, bu müddət ərzində Krımda insanlar “Ukrayna qanunlarına görə cinayət sayılmayan əməllərə görə ittiham və məhkum ediliblər”.

“Rusiya Federasiyası vətəndaşlığı geniş şəkildə tətbiq edilib. Rusiya hakimiyyəti Krımın kişi sakinlərini Rusiya silahlı qüvvələrinə çağırıb və nəticədə onları öz ölkələrinə qarşı döyüşməyə məcbur edib”, Turk deyib.

O, ukraynalı uşaqların öz dillərində təhsil almaqdan və insanların öz fikirlərini sərbəst ifadə etmək hüququndan məhrum edildiyini bildirib.

Hesabatın hazırlandığı dövrdə OHCHR rəsmiləri hərbi əsirlərin mübadiləsi zamanı bu yaxınlarda Rusiya əsirliyindən azad edilmiş 60 ukraynalı hərbi əsirlə müsahibə aparıb. Onlar bildirib ki, hərbi əsirlər işgəncələrə, döyülməyə, elektrik cərəyanına məruz qaldıqlarına, edam hədələrinə, cinsi zorakılığa və digər sərt rəftarlara məruz qaldıqları barədə etibarlı, ətraflı məlumat verib.

OHCHR ən azı 32 Ukrayna hərbi əsirinin edam edilməsi ilə bağlı 12 hadisə qeydə alıb. Qurum Rusiya hərbçilərinin yeddi ukraynalı hərbçini edam etdiyi bu insidentlərdən üçünü təsdiqləyib.

Ali komissar Ukraynadakı faciənin çox uzun müddət davam etdiyini bildirib və Rusiya Federasiyasını silahlı hücumlarını dayandırmağa çağırıb.

Ukraynanın BMT-dəki səfiri Filipenko Yevheniya Rusiyanı və Moskvanın“Krım və Donbasın işğal olunmuş hissələri və Ukraynanın digər ərazilərində sistemli şəkildə fundamental hüquq və azadlıqlardan məhrum edilmə” praktikasını kəskin tənqid edib.

Ukrayna səfiri BMT-yə üzv dövlətləri “Rusiyanın terror hücumlarını pisləməyə” və Kremlə “beynəlxalq ictimaiyyətin suveren dövlətin işğalına, mülki əhalinin öldürülməsinə və dağıntılara göz yummadığına dair aydın mesaj göndərməyə” çağırıb.

Forum

XS
SM
MD
LG