Accessibility links

Qırğızıstan prezidenti Rusiya modeli “xarici agentlər” haqqında qanun layihəsini imzalayıb


Qırğızıstan prezidenti Sadır Japarov çərşənbə axşamı qeyri-kommersiya qruplarının onları ləkələyəcəyini və lazımsız bürokratik əngəllər yaradacağını dediyi Rusiyanın “xarici agentlər haqqında qanunu” modelinə uyğun sənədi imzalayıb.

Qanunda deyilir ki, xaricdən maliyyə alan istənilən təşkilat “xarici nümayəndə” kimi qeydiyyatdan keçməlidir. Digər müddəa isə qanunun icrasını həyata keçirəcək Ədliyyə Nazirliyinə belə təşkilatlarda plandankənar yoxlamalar səlahiyyəti verir.

"Siz 30 ildir ki, xarici donorlarla işləyirsiniz və pul götürdüyünüz üçün sizi heç kim mühakimə etməyib. Biz buna indi başlayacağıq? Mən dövlət başçısı kimi heç bir təqib olmayacağına zəmanət verirəm" - deyə, Japarov 2 sosial media bəyanatında bildirib.

"Dövlətimizin sizdən və sizin donorlarınızdan gizlədəcək heç bir sirri yoxdur. Bizim bütün məlumatlarımız ictimaiyyətə açıqdır. Əgər bacarırsınızsa, milyonlar yox, milyardlar alın. Bu, yalnız ölkəmizə xeyir verəcək", Japarov deyib.

Japarov bunun şəffaflığı təmin etmək üçün əsas addım olduğunu iddia etsə də, tənqidçilər Qırğızıstanda artıq lazımi qanunların olduğunu deyirlər. Bundan əlavə, xarici maliyyələşdirmə adətən açıqlıq və hesabatlılıq üçün ciddi şərtlərlə əldə edilir.

Milli Məclisdə martın 14-də qanun layihəsi 90 deputatdan 64-nün imzası ilə təsdiqlənib.
Şahidlərin dediyinə görə, keçid müzakirə cəmi 7 dəqiqə çəkib.

Bu addım 7 milyon əhalisi olan dağlıq Qırğızıstanda hakimiyyət orqanlarının vətəndaşların azadlıqlarını məhdudlaşdırması və siyasi müxalifətə qarşı getdikcə daha sərt tədbirlər görməsi ilə bağlı beynəlxalq narahatlıq fonunda atılıb.

2022-ci ilin oktyabrında hakimiyyət 27 vətəndaş cəmiyyəti fəalını Özbəkistanla mübahisəli sərhəd razılaşmasına qarşı çıxdıqdan sonra iğtişaşları qızışdırmaq ittihamı ilə həbs edib. 2023-cü ildə Qırğızıstan hökuməti bir neçə müstəqil media orqanını bağlayıb, bir neçə jurnalist və bloggeri həbs edib, həmçinin parlament üzvü və tanınmış hökumət tənqidçisi Adahan Madumarovu nəzarət altına alıb.

ABŞ Dövlət Departamenti bəyanat yayaraq, "daha demokratik və inklüziv Qırğızıstan Respublikası üçün vacib olan" QHT-lərin işini riskə atan qanunla bağlı dərin narahatlığını ifadə edib.

"Bu, Qırğızıstan hökumətinin demokratik idarəçiliyə və vətəndaş cəmiyyətinə xələl gətirən bir sıra hərəkətlərinin sonuncusudur", sözçüsü Metyu Miller bildirib.

Freedom House 2023-cü il üçün demokratiyanın vəziyyəti ilə bağlı “Tranzitdə olan millətlər” adlı hesabatında Qırğızıstanı “konsolidasiya edilmiş avtoritar rejim” kimi təsnif edib.

Forum

XS
SM
MD
LG