Accessibility links

Zelenski Ukraynanın hava hücumundan müdafiəsi üçün raketlərin olmaması ilə bağlı xəbərdarlıq edib


Ukrayna prezident Volodimir Zelenski şənbə günü yayımlanan çıxışında Rusiyanın uzunmənzilli raketlərlə intensiv bombardman kampaniyasını davam etdirdiyi halda Ukraynanın hava hücumundan müdafiə raketlərinin tükənə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ukrayna liderinin ölkəsinin hava hücumundan müdafiəsi ilə bağlı vəziyyətin pisləşməsinə dair bu günə qədər etdiyi ən sərt xəbərdarlıq Rusiyanın geniş raket və dron arsenalından istifadə edərək, həftələrdir Ukraynanın energetika sisteminə, şəhər və qəsəbələrinə hücumlarından sonra edilir.

“Əgər onlar ötən ayda olduğu kimi hər gün zərbələr endirməyə davam etsələr, bizim kifayət qədər raketimiz olmaya bilər və tərəfdaşlarımız da bunu bilirlər,” Zelenski Ukrayna televiziyasına verdiyi müsahibədə deyib.

Müttəfiqlərini həftələrdir təcili olaraq daha çox hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyə çağıran Zelenski Ukraynanın hazırda vəziyyətin öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyata malik olduğunu, lakin nəyin müdafiə ediləcəyi ilə bağlı artıq çətin seçimlər etməli olduğunu deyib.

O, “Patriot” zenit-raket komplekslərinə ehtiyac olduğunu xüsusi qeyd edib və bildirib ki, Ukraynaya 25 belə sistem lazımdır.

ABŞ-ın müasir raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri Rusiyanın hədəfləri bir neçə dəqiqə ərzində vura bilən ballistik və hipersəsli raket hücumlarını dəf etmək üçün həyati əhəmiyyət kəsb edir.

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkivin şimal-şərqində Rusiyaya məxsus iki raket və dron vasitəsilə biri şənbə günü səhər tezdən və ikincisi günortadan sonra endirilən zərbələr nəticəsində 8 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb.

Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK istehsal gücünün 80 faizinin zərbələr nəticəsində təsir gördüyünü və sistemin sabitləşməsi üçün elekrik enerjisinin fasilələrlə kəsildiyini bildirib.

Son aylarda döyüşlərin dinamikasında Ukraynanın xeyrinə olmayaraq dəyişdiyi müşahidə edilir və Kyiv Qərb tərəfindən, xüsusən də ABŞ-dan hərbi yardımın səngidiyi ilə qarşılaşıb.

“İndi vəziyyət çətindir, lakin sabitləşib, düşmən irəliləmir,” Zelenski bildirib. “Amma o irəli addım atdığı yerdə bizimkilər müqavimət göstərir və o geri çəkilir və əksinə bizimkilər irəliyə doğru müəyyən addımlar atırlar,” Zelenski əlavə edib.

Forum

XS
SM
MD
LG