Accessibility links

ABŞ-ın BMT-dəki nümayəndəsi Koreya sərhədinə səfər edəcək


ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri ağır silahlı Koreya sərhədinə gedəcək və Şimali Koreyadan qaçanlarla Cənubi Koreyada görüşəcək. Onun səfəri BMT-nin Şimala qarşı sanksiyaların tətbiqini təmin etmək səylərinin zəifləməsi fonunda baş tutacaq.

Səfir Linda Tomas-Qrinfildin aprelin 14-20-nə planlaşdırılan səfəri Rusiyanın son 15 il ərzində Şimali Koreyanın nüvə və raket silahlarının qarşısının alınmasına yönəlmiş BMT sanksiyalarının həyata keçirilməsi üzərində işləyən çoxmillətli ekspertlər qrupunun illik yenilənməsini rədd etməsindən sonraya təsadüf edir.

Vaşinqton, Seul və Tokio Moskvanın vetosunu və Çinin bitərəf qalmasını tənqid edib. Ekspertlərin fikrincə, bu, sanksiyaların tətbiqinə xələl gətirəcək.

Cənubi Koreya nümayəndəsi bunu “cinayət üzərində tutulmamaq üçün videogörüntülərin məhv edilməsi”nə bənzədib.

ABŞ missiyasının BMT-dəki sözçüsü Neyt Evansın bildirdiyinə görə, Tomas-Qrinfildin Yaponiyada dayanacağı da daxil olmaqla, səfəri sanksiyalar və ondan kənarda ikitərəfli və üçtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün nəzərdə tutulub.

Hazırda həm Cənubi Koreya, həm də Yaponiya Təhlükəsizlik Şurasının üzvüdür.

“Hər iki ölkədə səfir Tomas-Qrinfild Koreya Xalq Demokratik Respublikasının (KXDR) davam edən silahların yayılması və sanksiyalardan yayınma fəaliyyətləri haqqında müstəqil və dəqiq hesabatın davam etdirilməsini təmin etmək üçün növbəti addımları müzakirə edəcək”, Evans bildirib.

O deyib ki, Cənubi Koreyada Tomas-Qrinfild iki Koreya arasında möhkəmləndirilmiş Hərbisizləşdirilmiş Zonaya gedəcək, gənc Şimali Koreyalı qaçqınlarla, eləcə də Ewha Qadın Universitetində tələbələrlə görüşəcək.

Yaponiyada o, həmçinin 2000-ci illərin əvvəllərində Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının ailə üzvləri ilə bir araya gələcək və 1945-ci ildə ABŞ-ın nüvə bombası ilə vurulmuş Naqasakiyə baş çəkəcək.

Forum

XS
SM
MD
LG