Accessibility links

Bayden Yaponiya və Filippin liderləri ilə Çinin təcavüzkar hərəkətlərini müzakirə edib


ABŞ Prezidenti Co Bayden Yaponiyanın Baş naziri Fumio Kişida və Filippin Prezidenti Ferdinand Markosla Ağ Evdə ABŞ-ın Yaponiya və Filippin qarşısında öhdəliklərini bir daha təsdiqləyib. Sammitin məqsədi Çinə Cənubi Çin dənizindəki aqressiv davranışından əl çəkməli olduğu barədə aydın mesaj vermək idi.

Bayden üçtərəfli sammitdə deyib: “ABŞ-ın Yaponiya və Filippinə qarşı müdafiə öhdəlikləri sarsılmazdır”.

Üç ölkə lideri Rusiyadakı vəziyyəti də müzakirə edib və Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.

“BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa sadiqliyimizi təsdiq edərək, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”, Bayden, Kişida və Markos birgə bəyanatda bildirib.

Onlar Rusiya və Ukrayna arasında gedən müharibə kontekstində nüvə silahından istifadəyə qarşı olduqlarını təsdiqləyiblər.

Birgə bəyanatda deyilir: “Rusiyanın Ukraynaya təcavüzü kontekstində nüvə silahından istifadə ilə bağlı təhdidləri qəbuledilməzdir və biz birmənalı şəkildə bildiririk ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi tamamilə əsassızdır”.

Manila və Pekin arasında gərginlik artır. Son həftələr Çin sahil mühafizə gəmiləri Manilanın Spratli adaları üzərində suverenlik iddiasını irəli sürən Second Thomas Shoal-da Filippin əsgərlərinin tədarükünü əngəlləmək üçün təxribatlarla məşğul olub. Çinin “boz zona” taktikası kimi tanınan zorakılıq davranışı 1951-ci ildə Vaşinqton və Manilanın imzaladığı qarşılıqlı müdafiə müqaviləsinin işə salınmasını təhlükəli dərəcədə yaxınlaşdırır.

Bayden ABŞ-ın pakta sadiqliyini vurğulayıb: "Cənubi Çin dənizində Filippin təyyarələrinə, gəmilərinə və ya hərbi qüvvələrinə hər hansı bir hücum qarşılıqlı müdafiə müqaviləmizi işə salacaq".

Üç lider dəniz müdafiəsi, eləcə də Filippində infrastruktur layihələrinə investisiyalar və qlobal humanitar yardım sahəsində əməkdaşlıq da daxil olmaqla, yeni çəkindirmə tədbirlərini açıqlayıb.

Üçtərəfli sammitdən əvvəl Bayden Kişida ilə danışıqlar aparıb və onun şərəfinə şam yeməyi verib. Bayden və Kişida hesab edirlər ki, ABŞ və Yaponiya arasında müdafiə əlaqələrinin gücləndirilməsi fonunda belə Pekinlə dialoqu inkişaf etdirmək lazımdır.

Kişida çərşənbə günü deyib ki, o və Bayden "ölkələrimizin yaxın koordinasiya yolu ilə Çinin yaratdığı problemlərə cavab verməyə davam edəcəkləri barədə razılığa gəliblər".

Onlar ikitərəfli müdafiə əlaqələrini, Cənubi Çin dənizində dəniz əməkdaşlığını və ABŞ, Yaponiya və Avstraliyanın iştirak etdiyi birgə raket və hava hücumundan müdafiə sistemlərini gücləndirmək təşəbbüslərini açıqlayıblar.

Pekin "bölgədə qapalı qrupların yaradılmasına və blokların qarşıdurmasının qızışdırılmasına" qarşı olduğunu bildirib.

Forum

XS
SM
MD
LG