Accessibility links

Belarusda MDB Xarici İşlər Nazirləri Şurasının iclası baş tutub


MDB Xarici İşlər Nazirləri (Mənbə: MDB İnernet saytı)
MDB Xarici İşlər Nazirləri (Mənbə: MDB İnernet saytı)

Aprelin 12-də Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Tacikistanın, Özbəkistanın xarici işlər nazirləri, Ermənistanın və Türkmənistanın xarici işlər nazirinin müavinləri iştirak edib.

MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətinin məlumatında deyilir ki, xarici işlər orqanlarının rəhbərləri beynəlxalq gündəlikdəki aktual məsələlər və birlik formatında qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparıblar.

MDB Xarici İşlər Nazirləri Şurası (Mənbə: Azərbsaycasn Xarici İşlər Nazilriyi)
MDB Xarici İşlər Nazirləri Şurası (Mənbə: Azərbsaycasn Xarici İşlər Nazilriyi)

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS agentliyinə bildirib ki, Rusiya prezidentli altı prioritet iş sahəsi müəyyənləşdirib.

“Bunlar iqtisadi əməkdaşlıq, xarici siyasətin koordinasiyası, yeni çağırış və təhdidlərə qarşı mübarizə, hərbi əməkdaşlıq, mədəni-humanitar məkan və bu sahədə əməkdaşlıq, birliyin xarici tərəfdaşları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsidir. Minskdəki müzakirələr arasında yeni təhlükələrlə mübarizə mövzusunun mühüm yer tutacağını gözləmək olar. Xarici İşlər Nazirləri Şurasının iclasından iki gün əvvəl MDB ölkələrinin antiterror mərkəzlərinin rəhbərləri əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək üçün Moskvada görüşüblər. İclasın əvvəlində birlik dövlətlərinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin nümayəndələri martın 22-də Moskva yaxınlığındakı Crocus City Hall-da törədilmiş terror aktını qətiyyətlə pisləyiblər. Minskdə bu mövzunun müzakirəsi şübhəsiz ki, davam edib”, nazir müavini qeyd edib.

Sergey Lavrov və Sergey Lebedev (Mənbə: MDB internet saytı)
Sergey Lavrov və Sergey Lebedev (Mənbə: MDB internet saytı)

Rusiya xarici işlər naziri Sergey Lavrov isə suallara cavabda MDB regionunda, o cümlədən Cənubi Qafqazda son durum barədə ölkəsinin mövqeyini açıqlayıb.

“Birləşmiş Ştatlar və onun peykləri ümumi məkanımızın bütün regionlarını işğal etməyə çalışır və Qafqazda, xüsusən də Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaları pozmağa çalışır. Onlar Ermənistanla Azərbaycan arasında Rusiyanın yardımı ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmirlər. Onlar fəal şəkildə Orta Asiyaya nüfuz etməyə çalışırlar. Rusiyaya qarşı yönəlmiş müxtəlif formatlar yaradırlar. Onlar açıq şəkildə postsovet məkanında ölkələrin real suverenliyinin təmin edilməsi və onların “Rusiya Federasiyasının kölgəsindən çıxması”nın zəruriliyini bəyan edirlər”, nazir deyib.

Ceyhun Bayramov (Mənbə: XIN)
Ceyhun Bayramov (Mənbə: XIN)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, toplantıda ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.

“MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub. Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb”, o qeyd edib.

Forum

XS
SM
MD
LG